Təbriz həbsxanasında 6 aylıq həbs cəzalarını çəkməkdə olan siyasi fəallar Davud və Əyyub Şiri qardaşları yeni ittihamlarla mühakimə edilirlər.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, türk fəalları yeni ittihamların oxunması üçün şənbə günü Təbrizin mərkəzi həbsxanasından Təbrizin ümumi və inqilab prokurorluğuna aparılıblar.
Daha əvvəl “GAMAC adlı qanunsuz təşkilata üzv olmaq” ittihamı ilə 6 ay həbsə məhkum olan Şiri qardaşlarının bu dəfə də “milli təhlükəsizliyi pozmaq məqsədilə qanunsuz qrup təşkil etmək” ittihamı ilə üzləşdiyi bildirilir.
Davud və Əyyub Şiri qardaşları 2019 noyabr ayında artan benzin qiymətinə qarşı etirazlara qatılmaq ittihamı ilə İranın kəşfiyyat qüvvələri tərəfindən saxlanılıb və təqribən 100 gün sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.
2019-cu ilin noyabrında İranda benzinin qiymətinin artması ardından baş qaldıran etirazlar zamanı ölkənin müxtəlif bölgələrində yüzlərlə etirazçı öldürülüb, minlərlə vətəndaş nəzarət altına alınmışdı.