AXCP sədrinin mühafizəçisinə hökm oxunub
Your browser doesn’t support HTML5
İyunun 17-də Səbail rayon məhkəməsində
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirovun cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı iş istəyib.
Hakim Azər Tağıyev 3 il sınaq müddəti olmaqla 4 il şərti cəza verilməsi üzrə hökm çıxarıb.
Hökmdən öncə son sözünü deyən Əmirov özünü təqsirli bilməyib. O, ittihamların əsassız olduğunu, heç bir qanunsuz addım atmadığını və yürüşdə iştirak etməklə orduya dəstək verən on minlərlə vətəndaşdan biri olduğunu vurğulayıb. Əmirovun fikrincə, onun cinayət məsuliyyətinə cəlb olunmasının səbəbi siyasi fəaliyyətidir.
Vəkili Bəhruz Bayramov deyib ki, məhkəmənin hökmündən sonra apellyasiya şikayəti veriləcək.
Ruslan Əmirov 2020-ci il iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə qaldırılmış cinayət işi əsasında istintaqa cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 32.3 və 34.2 - (Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilməsi), 186.2.1, 186.2.2, (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315 ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 127.2 (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.