Orduya dəstək yürüşündə saxlanılanların məhkəməsi davam edir
Your browser doesn’t support HTML5
Mayın 7-də Azər Tağıyevin sədrliyi ilə Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Ordusuna dəstək məqsədi ilə 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktına əsasən həbs edilən şəxslərin cinayət işi üzrə ikinci qrupun məhkəmə prosesi davam edib.
AXCP rəyasət heyətinin üzvü Asif Yusiflinin sözlərinə görə, bu günki məhkəmədə 1 şahid ifadə verib.
Təqsirləndirilən şəxslər ittiham qəbul etmədiyini və siyasi sifariş olduğunu bildirib.
Bu cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var.
Növbəti məhkəmə prosesi mayın 21-i, saat 10:30-a təyin olunub.
Təqsirləndirlən şəxslərdən 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfəri Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Təqsirləndirilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayev də var. Qalanları isə bitərəflərdir.
2020-ci il iyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.
Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.
Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib.
Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir. Onların çoxu inzibati qaydada cəzalandırılıb.
AXCP-nin məlumatına görə, Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 45 nəfər fəalı həbs edilib.
“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.
AXCP və digər bir sıra siyasi qurumlar həbsləri "siyasi sifariş" hesab edir.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır.
Ötən ilin noyabr-dekabr aylarında həbsdə saxlanılanların hamısı polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.