Terrorçuluqda ittiham olunan şəxslərə hökm oxunub

Your browser doesn’t support HTML5

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-ə maliyyə yardımı göstərməkdə ittiham olunan bir qrup şəxsin işi üzrə prosesdə hökm oxunub. Məhkəmə Samir Qurbanovu 8 il, Amin Həsənovu 7 il, Əflatun Bayramovu 7 il, Babək Məmmədlini 7 il, Tehran Qasımovu 5 il, Cavid Amanovu, Elgün İsmayılovu, Ələddin İbişovu, Yusif İmanovu, Orxan Qurbanovu, Şəhriyar Cabbarovu 2,5 il müddətinə azadlıqdan məhrum edib. Hakim hökmü oxuyarkən təqsirləndirilən şəxslər etiraz əlaməti olaraq başlarını şüşə divarlara vurmağa başlayıblar. Bundan sonra mühafizəçilər onları zaldan çıxarıblar və hökm təqsirləndirilən şəxslərin iştirakı olmadan oxunub. Təqsirləndirilən şəxslərin valideynləri hökmü etirazla qarşılayıblar. Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin 9 ildən 18 ilə qədər azadlıqdan məhrum edilməsini istəmişdi. Xatırladaq ki, bu işin fiqurantları bir neçə il əvvəl qanunsuz silahlı birləşmələrin tərkibində Suriyada müharibədə iştirak etməkdə ittiham olunublar. Onlar Cinayət Məcəlləsinin 167-2.2.1 (dini ədəbiyyatın qanunsuz istehsalı, idxalı və yayılması), 167-3.1 (dini-ekstremist ədəbiyyatın qanunsuz dövriyyəsi), 214 (terrorçuluq) və 218-ci (cinayətkar birlik yaratmaq) maddələri ilə ittiham olunurlar. Məhkəmə prosesi 2020-ci ilin fevralında başlayıb. Amma pandemiya ilə əlaqədar proses uzun müddət dayandırılıb. Məhkəmə prosesi bu il bərpa olunub və iclaslardan birində müttəhimlər əsassız həbslərinə etiraz əlaməti olaraq özlərinə kəsici alətlə xəsarət yetiriblər. Müttəhimlər İraq-Şam İslam Dövləti ilə hər hansı əlaqələrinin olmadığını bildiriblər.