İran Azərbaycanında 12 milyon illik fosilləri qorumaq üçün maliyyə çatışmazlığı var

İran Azərbaycanının Marağa şəhərində "fosil cənnəti" adı ilə tanınan bölgənin təbii tarixi təhlükə altındadır.

İranın Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində yerləşən fosil bölgəsinin əhəmiyyətinə görə bu şəhərdə 15 il öncə Fosil Tədqiqat Mərkəzi və bir muzeyin inşasının başladığına baxmayaraq, 10 ilə yaxındır ki, bölgəyə kreditin ayrılmadığı bildirilir.

Rəsmilərin vədlərinə rəğmən Fosil Tədqiqat Mərkəzi hələ də inşa edilməyib və hazırda yarımçıq qalmış bina səhlənkarlıq ucbatından məhv olmaq təhlükəsi ilə üzləşir.

Marağa şəhərində tapılan fosillərin 7-12 milyon il öncəyə aid olduğu təxmin edilir. İran höküməti, fosil qalıqlarını qorumaq üçün bir muzey və İran Fosil Tədqiqat Mərkəzinin binasını inşa etmək məqsədilə layihə qəbul edib, lakin uzun illər sonra bu layihən yerinə yetirilmədiyi üçün "fosil cənnəti"nin təbii tarixi məhv olmaq təhlükəsi ilə üzləşib.

İSNA xəbər agentliyinin yaydığı məlumata görə, İran və Orta Şərqin fosil cənnəti olaraq tanınan Marağa fosil bölgəsi, paleontoloji tədqiqatlar üçün ən mühüm mərkəzlərdən biridir və yerli və xarici tədqiqatçıların fosil tədqiqatları üçün əlverişli bir yerdir. Ancaq təxminən 7-12 milyon il tarixi olan bu fosillərin üzərində tədqiqat aparmaq və onları qorumaq üçün 7 milyard tümən (təxminən 300 min dollar) maliyyə çatışmazlığı var.

Marağa şəhərinin fosil bölgəsində pişikkimilər dəstəsinə aid qılınc dişli pələnglər, qurdlar və ayılar, həmçinin cütdırnaqlılar dəstəsinə aid maral və zürafələr, fillər və antiloplar da daxil olmaqla qədim fosillər aşkar edilmişdir.

1026 hektar ərazisi olan Marağa fosil sahəsi 2004-cü ildə Səhənd dağı fosilləri ilə geniş bir ərazinin bir hissəsi olan təbii və milli bir abidə olaraq tanınıb.

Mütəxəssislərin fikrincə, 12 milyon il öncəyə aid olan heyvan qalıqlarının muzeylərdə sərgilənməsi turistlərin cəlb edilməsində çox təsirli ola bilər.