Bayden Ukrayna ilə gərginlik fonunda Putini sammit keçirməyə çağırıb

Your browser doesn’t support HTML5

Prezident Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə üçüncü bir ölkədə sammit keçirməyi təklif edib, eyni zamanda isə Moskvaya Ukrayna ilə sərhəddə kütləvi qüvvə cəmləşdirməsinin və Ukraynaya qarşı hər hansı təcavüzün nəticələrinin olacağı ilə bağlı xəbərdarlıq edib.

Britaniyanın Sky News xəbər agentliyi Rusiya qoşunlarının Rusiyanın Ukrayna ilə sərhədə yaxın Voronej regionuna yerləşdirdiyini göstərib. Rusiyanın 2014-cü ildə Ukrayanın Krım Yarımadasını qanunsuz ilhaq etməsindən bəri sərhədə böyük qüvvə toplaması Kiyev və Qərb rəhbərlərini, o cümlədən ABŞ Prezidenti Co Baydeni təşvişə salıb.

“Prezident Rusiyanın Ukrayna sərhədində hərbi qüvvələrini cəmləşdirməsi və artan təcavüzkarlığı ilə bağlı narahatlığını dilə gətirib və Rusiyanı gərginliyi azaltmağa çağırıb,” Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Brüsseldə NATO müttəfiqləri ilə görüşdən sonra ABŞ-ın Ukraynanı ərazi bütövlüyünü müdafiə etmək üçün maddi dəstəklə təmin etməyə davam edəcəyini deyib və Rusiyanı təxribatlarına son qoymağa çağırıb.

“Milli təhlükəsizlik komandası bizim prezidentə mövcud olan milli güc elementlərindən istifadə etməyi nəzərdə tutan bir sıra imkanlar irəli sürəcək,” müdafiə naziri Lloyd Ostin bildirib.

Rusiyanın dəstəklədiyi separatçılar və Ukrayna qüvvələri 2014-cü ildən bəri Ukrayanın şərqində döyüşürlər. Münaqişədə 14,000-dən çox insan həlak olub.

Rusiya qoşunlarını qərb sərhədinə NATO-nun təhdid yaradan fəaliyyətinə cavab olaraq “təlim məqsədilə” yerləşdirdiyini bildirir.

Bayden gərginliyin artması fonunda gələcək aylarda Rusiya Prezidenti Vladimir Putinlə sammit keçirməyi təklif edib. Katolik Universitetinin Rusiya üzrə eksperti Maykl Kimmic Amerikanın Səsinə müsahibədə bunun müdrik bir addım olduğunu düşündüyünü deyib.

“Bu, Amerikanın öhdəliyinə, qətiyyətinə və bundan sonra ediləcək heç bir güzəştin olmayacağına və ya ABŞ-ın zəif mövqedən yanaşdığına, eyni zamanda isə bu ölkələrin bacardıqları dərəcədə danışıq aparıb, müzakirələr aparmağa hazır olduqlarına işarə edir,” o deyib.

Bir neçə ABŞ qanunvericisi Rusiyanın Ukraynanı işğal etməyə hazırlaşdığına dair narahatlığını ifadə edib.

“Məncə biz həmçinin Putinə onun atdığı addımların bizi narahat etdiyini aydın şəkildə göstərəcək başqa vasitələrə nəzər salmalıyıq. Ona görə də mən Ukraynaya böyük təsiri olacaq Nord Stream 2 boru kəmərinə sanksiyaların qoyulmasının tərəfdarıyam. Məncə biz hər mümkün yolla onun qarşısını almalıyıq,” Demokrat senator Cin Şahin bildirib.

Nord Stream 2-nin tənqidçiləri deyir ki, Rusiyadan Almaniya gedən və demək olar başa çatmış boru kəməri Rusiyanın Avropanın və Ukraynanın enerji təhlükəsizliyini təhdid edən geo-siyasi layihəsidir. Almaniya isə boru kəmərini kommersiya təşəbbüsü olaraq görür.