AXCP fəalı Məhəmməd İmanlı azadlığa buraxılıb
Your browser doesn’t support HTML5
Martın 18-də Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxsin əfv olunması haqqında” sərəncam imzalayıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Məhəmməd İmanlı adının əfv siyahısında olduğunu ailəsi ilə telefon vasitəsilə danışarkən öyrənib. O deyir ki, bu xəbəri təəccüblə qarşılayıb. Məhəmməd İmanlı həbsindən və həbsxanada keçirdiyi günlərdən danışıb. O iyunun 18-də ondan götürülən koronavirus testinin nəticəsinin hələ də ona təqdim edilmədiyini deyir.
AXCP fəalının ikinci övladı o həbsdə olarkən doğulub. Məhəmməd İmanlı uşağını doğulandan 6 ay sonra gördüyünü deyir.
Məhəmməd İmanlı saxlanılma şəraitindən də söz açıb. O 16 saylı cəzaçəkmə müəssisəsində karantin rejiminə əməl olunmadığını qeyd edir.
AXCP üzvünün atası Ramiz İmanlı deyir ki, oğlu 8 ay idi ki, siyasi fəaliyyətinə görə şərlənərək həbs olunmuşdu. Ramiz İmanlı Məhəmmədin əfvlə buraxılacağını gözləmədiyini bildirib.
Məhəmməd İmanlı ötən ilin iyulunda – orduya dəstək yürüşündən sonra həbs olunan 50-yə qədər AXCP fəalından biridir. Fəal koronavirus yaymaqda günahlandırılaraq 1 il azadlıqdan məhrum edilmişdi. O, ittihamları qəbul etmirdi və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirirdi.