AXCP fəalı Orxan Baxışlı azadlığa buraxılıb
Your browser doesn’t support HTML5
Martın 18-də Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzası alan 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Ümumilikdə sərəncam 625 nəfərə şamil olunub.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Orxan Baxışlı da əfv olunanlar sırasındadır. O, martın 19-da səhər saatlarında 14 saylı cəzaçəkmə müəssisəsindən həbs müddətinin bitməsinə 49 qalmış azadlığa buraxılıb.
Orxan Baxışlı deyir ki, azadlığa daha tez çıxmağı hər bir insan arzulayır. Lakin onun əqidə yoldaşları həbsdədirsə, o özünü azad hiss etmir.
Orxan Baxışlı həbsxanada karantin rejiminə əməl olunmasından da danışıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin şəraitindən narazı olduğunu bildirir.
Orxan Baxışlı həbsdə olduğu 2 il 10 ay 12 gün müddətində özünü yenidən kəşf etməsinə xeyli vaxtının olduğunu bildirir. Bu müddət ərzində o, müxtəlif mövzularda 223 kitab oxuyub.
Orxan Baxışlının anası Kəmalə Rəhimli qeyd edir ki, oğlunun azadlığa qovuşmasına sevinsə də, digər siyasi məhbusları da azadlıqda görmək istəyir.
AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlı 2018-ci il mayın 6-da saxlanıb. O, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsiylə 6 il azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə satış məqsədini ittihamdan xaric edib, maddəni 234.1-ə tövsif edərək cəzanı da 3 ilə endirib. Orxan Baxışlı həbsini siyasi sayır və bunu fəaliyyəti ilə əlaqələndirir.