"Əhalidə immunitetin yaranması üçün ölkənin 60%-i vaksinasiya olunmalıdır"
Your browser doesn’t support HTML5
Azərbaycanda bu ilin yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin koronavirus əleyhinə vaksinasiyasına başlanılıb. 8 fevral tarixindən 65 yaşdan yuxarı vətəndaşlar üçün, fevral ayının 17-dən etibarən isə yaşı 50 və daha yuxarı şəxslərin vaksinasiyasına start verilib. Azərbaycanda vaksinasiyanın ikinci dozasının vurulması 28 gündən sonra həyata keçirilir. Ölkədə Çin istehsalı olan “CoronaVac” vaksinindən istifadə olunur.
Prezident İlham Əliyev Azərbaycanda koronavirus peyvəndlənməsinin dövlət hesabına və könüllü aparılacağını bildirib.
Martın 18-də Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı statistikaya əsasən, indiyədək Azərbaycanda 468 826 nəfər vaksinasiya olunub.
Peyvənd olunan şəxslər arasında Müsavat Partiyasının başqanı Arif Hacılı da var. O deyir ki, vaksinasiya üçün online şəkildə qeydiyyatdan keçib. Bu üsulla yaşayış yerinə yaxın ərazini seçmək də mümkündür. Arif Hacılı koronavirus əleyhinə vaksinasiyadan sonra səhhətində heç bir dəyişiklik olmadığını deyir. O, ikinci peyvəndləmədən sonra özünü daha təhlükəsiz hiss edəcəyini bildirir.
Həkim-infeksionist Nəsib Həsənli deyir ki, koronavirus əleyhinə vaksinin bizə uşaqlıqda vurulan peyvənlərdən heç bir fərqi yoxdur. Lakin, hər hansı bir allergik xəstəliyi olan şəxslərə vaksinasiya tövsiyə edilmədiyini bildirir. Həkim deyir ki, vaksinasiyadan sonra da koronavirusa yoluxma ehtimalı var, vaksinin hansı müddət ərzində immunitet yaratdığı barəsində hər hansı bir məlumat yoxdur. Onun fikrincə, əhalidə immunitetin yaranması üçün ölkənin 60%-i vaksinasiya olunmalıdır.
Azərbaycanda indiyədək ümumilikdə 243424 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 231894 nəfər müalicə olunaraq sağalıb, 3314 nəfər vəfat edib, aktiv xəstə sayı isə 8216 nəfərdir.