Nərmin Şahmarzadə: "Qadın fəalların seksual həyatı müzakirə mövzusu olmalı deyil"

Your browser doesn’t support HTML5

8 Marş - Haqlarımız uğrunda" yürüşünün təşkilatçılarından olan, ictimai fəal Nərmin Şahmarzadənin facebook hesabı oğurlanıb. Hesab ələ keçiriləndən sonra profilin adı dəyişdirilib, onun adından saxta mesajlar və şəxsi şəkilləri paylaşılıb. Nərmin Şahmarzadə deyir ki, onun facebook hesabına hücumlar 8 mart yürüşü ilə bağlı məlumatı paylaşandan sonra başlayıb. O, bir neçə gün bunun qarşısını ala bilsə də, 8 mart günü onun profilini ələ keçirməyə nail olublar. Nərmin Şahmarzadə bunu gender əsaslı zorakılıq hesab edir. Onun sözlərinə görə, qadın aktivistləri bu cür cəzalandırırlar, çünki cəmiyyətdə qadınların seksual həyatı tabulaşdırılıb. Hüquqşünas Səməd Rəhimli isə hesab edir ki, bu hücumlar siyasi motivlidir, həmçinin bu hücumları gender əsaslı zorakılıq da adlandırmaq mümkündür. Hüquqşünasın fikrincə, bu hücumların edilməsinin arxasında ictimai fəalları cəmiyyət arasında etibarsızlaşdırmaq və psixoloji təzyiq durur. Bundan öncə, feminist fəal Gülnara Mehdiyevanın da şəxsi səsyazmaları paylaşılmışdı. Fəal bu səsyazmaların xüsusi xidmət orqanları tərəfindən yayıldığını iddia edirdi. Xüsusi xidmət orqanları isə bu ittihamları cavabsız qoyur.