Bakıda soyuq hava şəraiti ilə əlaqədar hərəkət iflic oldu
Your browser doesn’t support HTML5
Fevralın 24-ü, axşam saatlarından etibarən müşahidə olunan qarlı və çovğunlu hava şəraiti Bakıda hərəkəti çətinləşdirib.
12 saatdan çoxdur yağmaqda olan qar və şaxtalı hava şəraiti yolların buz bağlamasına səbəb olub.
Müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılsa da, yolların buz bağlaması bəzi problemlərə yol açıb. Nəqliyyat vasitələrinin hərəkətində gecikmələrlə müşahidə olunan problemlər yaranıb.
Paytaxt sakinlərinin qarlı və çovğunlu hava şəraitində dayanacaqlarda saatlarla avtobus və ya taksi gözləmələri onların narazılığına səbəb olub.
Bundan başqa, paytaxtda fəaliyyət göstərən məktəblərdə də şagirdlərin dərsə davamiyyəti aşağı düşüb, bir çoxunda isə tədris təxirə salınıb.
Bu gün müşahidə olunan kəskin hava şəraiti səbəbindən, yollarda 30-dan çox nəqliyyat hadisəsi baş verib. Bakı-Sumqayıt qatarında gecikmə olub.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qarlı və çovğunlu hava şəraiti sabah da davam edəcək.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, bu gecə paytaxt Bakıda ən aşağı temperaturun, yəni -9 dərəcə şaxtanın olması gözlənilir. O qeyd edib ki, prosesin ən sərt dövrü gecə müşahidə olunacaq, yollar buz bağlayacaq, səhər saatlarında -4 və -5 dərəcə şaxta, günün ikinci yarısı temperaturun 0 dərəcəyə yaxınlaşacağı gözlənilir və axşama doğru qar səngiyəcək, küləyi sürəti nisbətən azalacaq.
Bakı Nəqliyyat Agentliyi isə qarlı-çovğunlu hava şəraiti ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinin çətinləşdiyi, tıxacların yarandığı barədə məlumat yayıb.
Mövcud hava şəraitində sərnişinlərin yolda qalmaması, onların avtobuslarla daşınması üçün ekspress xətlər üzrə fəaliyyət göstərən avtobusların aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürməsi qərara alınıb.
Bu gün saat 15:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.