Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 205 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 231 649 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 119 nəfər müalicə olunaraq sağalıb, 3 170 nəfər vəfat edib, aktiv xəstə sayı 2 360 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 315, ötən müddət ərzində isə ümumilikdə 2 478 223 test aparılıb.
Öz növbəsində Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışı zamanı deyib ki, əhalinin əksər hissəsi peyvənd olunsa, mutasiyaların baş vermə tezliyi azalacaq.
Baş infeksionist koronavirusun yeni ştammlarına da toxunub.
Onun sözlərinə görə, hələ ki, bu haqda birmənalı fikir yoxdur.
“Yəni, hazırda yeni ştammlar bu gün hazırladığımız vaksinlərə tabe olurlar. Amma bu proseslər gələcəkdə necə olacaq, yayınma prosesi baş verəcəkmi? Bunu bilmək çətindir. Mutasiyanın baş vermə tezliyi virusun yayılma səviyyəsindən asılıdır. Hazırda pandemiyadır, əgər ölkə əhalisinin əksər hissəsini peyvəndləyə bilsək, onda infeksion proses sönəcək və mutasiyaların baş vermə tezliyi azalacaq. Biz peyvəndləmə nəticəsində əvvəlki ştammı aradan qaldırmaqla mutasiyanın baş verməsini aradan qaldıra bilərik. Amma buna çalışmaq lazımdır. Əgər əldə olunmuş peyvəndlər bir o qədər təsirli olmazsa, onda yeni versiya peyvəndlərin hazırlanması da mümkündür. Buna inanmaq istərdim”.
Xatırlatma
Azərbaycanda yanvarın 18-dən başlayaraq vaksinasiya başlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Fevralın 8-dən 65 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.
Nazirlər Kabineti bildirir ki, indiyədək ölkəyə cəmi 848 min doz vaksin gətirilib.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.