ABŞ Rusiya məhkəməsinin Navalnını azadlıqdan məhrum etməsini qınayıb

Your browser doesn’t support HTML5

ABŞ çərşənbə axşamı Rusiya məhkəməsinin Kremlin ən kəskin tənqidçisi olan Aleksey Navalnını 3,5 il həbs cəzasına məhkum etməsi qərarını qınayıb. Dövlət Departamenti rəsmiləri ABŞ-ın məsələ ilə bağlı hansı addımların atılacağını nəzərdən keçirdiyini bildirib.

Müxalifət lideri Aleksey Navalnıya dəstək olaraq keçirilən etiraz nümayişləri çərşənbə axşamı Rusiya məhkəməsinin ona 3 il yarım həbs cəzası verməsindən sonra da davam edib.

Əvvəllər ev dustağı olduğu 10 ayın hesaba alınmasına baxmayaraq, məhkəmə Navalnının zəhərlənmədən sonra səhhəti ilə bağlı Almaniyada olduğu zaman sınaq müddətində şərti həbs cəzasını pozduğunu bildirib. Navalnı zəhərlənmənin Rusiya rəsmiləri tərəfindən ona qarşı sui-qəsd olduğunu iddia edir.

Kreml bu iddiaları rədd edir, lakin ABŞ rəsmiləri məsələnin təcili olaraq nəzərdən keçirildiyini və hərtərəfli araşdırmadan sonra Moskvanın fəaliyyətinə dair tədbir görülə biləcəyini bildirib.

“Rusiyada insan hüquqları sahəsində vəziyyətin pisləşməsi, xüsusilə də cənab Navalnı ilə bağlı baş verənlər, onun həbsindən sonra cəsarətlə küçələrə çıxan etirazçıların kütləvi saxlanılması ilə baş verənləri çox diqqətlə izləyəcəyik. Əlbəttə ki, müvafiq siyasi kursun seçilməsində bütün bunları nəzərə alacağıq” – deyə, Dövlət Departamentinin sözçüsü Ned Prays qeyd edib.

Ancaq Vaşinqtonun mümkün cavabı nəzərdən keçirdiyi vaxtda həbsdə olan Kreml tənqidçisinin tərəfdarları Qərb ölkələrini Putinin yaxın çevrəsinə qarşı sanksiya tətbiq etməyə çağırır.

“Əslində, açığı, bu bir zərurətdir, çünki Kremlin hesablamalarını dəyişdirə bilməzlər. Digər tərəfdən, əgər Qərb heç bir şey etmirsə, deməli, açıq şəkildə deyir ki, ictimaiyyət qarşısında şikayət edəcəyik, amma öz sərhədlərinizdə etdiyiniz işlərin əslində bizim üçün əhəmiyyəti yoxdur” – deyə, London universitetindən Mark Qaleotti bildirib.

Navalnının cəzası Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qanunsuz və siyasi motivli olduğu haqda qərar verdiyi 2014-cü ilə aid dələduzluq işi ilə əlaqədardır. Mütəxəssislər deyir ki, həbsdə qalması onun təsirini zəiflətmək üçün boş bir cəhdlə nəticələnə bilər.

“Onu saxladıqları zaman o, Putinin sarayı haqda videonu yayımladı. Buna görə də üç il yarım həbs cəzasına məhkum edilməsinə dair onun və təşkilatının planlaşdırılmış tədbirlərinin olduğuna şübhə etmirəm” – deyə, Atlantik Şuradan Con Herbst qeyd edib.

Navalnının Rusiyaya qayıtdıqdan sonra həbsi Rusiyada son illərdə ən böyük narazılıq nümayiş etdirərək, minlərlə insanın küçələrə çıxmasına səbəb oldu və ekspertlər bu məhkəmə qərarının bu hərəkatın gücünü artıra biləcəyini bildirir.