Türkiyə çərşənbə axşamı Twitter, Periscope və Pinterest sosial media şirkətlərinə reklam qadağaları tətbiq edib. Buna səbəb sosial media şirkətlərinin məzmunun silinməsini idarə etmək üçün yerli nümayəndə təyin edilməsini tələb edən yeni qanuna əməl etməmələridir.
Oktyabr ayında qüvvəyə minən qaydalar Türkiyə hökumətini fərqli düşüncəni boğmağa çalışdığını iddia edən insan haqları və media azadlığı qrupları tərəfindən tənqidə səbəb olmuşdu.
Qanunla yerli nümayəndənin 48 saat ərzində məxfiliyi və şəxsi hüquqları pozan məzmunun silinməsi tələblərinə cavab verməsini tələb edilir.
Facebook bazar ertəsi günü belə nümayəndə təyin edəcəyini açıqlayıb. Eyni zamanda, sosial media şirkəti açıqladığı bəyanatda istifadəçilərin öz fikirlərini azad şəkildə ifadə edə bilməsinin vacibliyini vurğulayıb.
YouTube, TikTok, Dailymotion və VKontakte daxil olmaqla digər şirkətlər qaydalara əməl ediblər.
Şərtlərə əməl etməyən istənilən şirkət istifadəçilərin xidmətə girişini çətinləşdirərək, ötürücülük qabiliyyətinin genişliyinin azaldılması ehtimalı ilə qarşılaşır.