Özbəkistanda məhkəmə “Beeline Uzbekistan”nın abunəçilərə təxminən 2 milyon dollar geri ödəməsi haqda qərar çıxarıb

Özbəkistanda məhkəmə “Beeline Uzbekistan” mobil şirkətini abunəçilərə onları qanunsuz olaraq "Agah olun" xidmətinə qoşduğu üçün topladığı pulları qaytarması barədə qərar verib. Bu barədə Azadlıq Radiosunun Özbəkistan xidməti İstehlakçı Hüquqlarını Müdafiə Agentliyinə istinadən xəbər verir.

"İstehlakçı Hüquqlarını Müdafiə Agentliyinin başlatdığı və doqquz ay davam edən məhkəmə prosesi istehlakçıların xeyrinə bitdi. Artıq vəsaitlər şirkətin abunəçilərinə milli hesablarındakı şəxsi hesablarına qaytarılmağa başlanıb" - deyə, açıqlamada bildirilir.

Bu günə qədər abunəçilərə dəyən zərərin miqdarı 20 milyard sumdan (təxminən 2 milyon dollar) çoxdur.

Bu ilin mart ayında İstehlakçıların Hüquqlarını Müdafiə Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun və mobil rabitə xidmətlərinin göstərilməsi qaydalarının pozulması əsasında “Beeline Uzbekistan”a qarşı iş açmışdı.

Agentlikdən verilən məlumata görə, 2019-cu ilin iyul ayında şirkət abunəçiləri "Agah olun" xidmətinə qoşmaq üçün pulsuz bir promo-aksiya elan etmişdi. Mobil şirkət bu xidmətdən istifadə etməyənləri də buraya qoşub. Ancaq xidmətdən istifadə müddəti bitdikdən sonra o, avtomatik olaraq deaktiv edilib. Xidmətdən istifadə etdiyinə görə, şirkət abunəçilərdən təsdiqlənmiş tarifə əsasən gündəlik 240 sum (0,02 dollar) tutub.

Ümumilikdə, bu aksiya çərçivəsində şirkət 3.2 milyondan çox abunəçini bu xidmətə qoşub, onlardan 1.2 milyon abunəçi özləri xidmətdən imtina edib. 2020-ci ilin may ayına qədər bu xidmətə qoşulan abunəçilərin sayı təxminən 1,3 milyon nəfər olub.