Jurnalist aclığa başlayıb

Əfqan Sadıqov

Həbsdə olan “Azel TV" saytının baş redaktoru Əfqan Sadıqov noyabrın 4-dən aclıq aksiyasına başlayıb.

Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib.

Your browser doesn’t support HTML5

Sevinc Sadıqovanın Amerikanın Səsinə müsahibəsi

O bildirib ki, Əfqan Sadıqov aclıq aksiyasına başlamaqla Bakı Ağır Cinayətlər Məhkəməsinin onu 7 il həbsə məhkum etməsinə etiraz edir.

Sevinc Sadıqova deyir ki, Əfqan Sadıqov bu hökmü ədalətsiz hesab edir.

“Mən də məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə qorxu, şantaj xarakterli yazı yoxdur. Mən onun sonadək aclıq aksiyası edəcəyinə inanıram. Həqiqətən o, aclığı davam etdirəcək. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcək,” o qeyd edib.

Jurnalistin həyat yoldaşı Əfqan Sadıqovun aclıq aksiyası ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) və Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etdiyini deyib.

Bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən hələ şərh almaq mümkün olmayıb.

Sevinc Sadıqova hökmdən apellyasiya şikayəti veriləcini xatırladıb.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi "Azel TV" saytının baş redaktoru Əfqan Sadıqova 7 il həbs cəzası kəsib.

Əfqan Sadıqov xeberfakt.az internet portalının baş redaktoru Sakit Muradovla birlikdə mühakimə olunub. Sakit Muradov istintaq və məhkəmə dövründə həbsdə olmayıb. Onun barəsində polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib. Məhkəmə də ona şərti cəza təyin edib.