Dünya boyu koronavirusa yoluxma halları artmaqda davam edir

Fransanın bəzi hissələrində koronavirusun yayılmasının qarşısını almaq məqsədilə şənbə günündən etibarən yeni məhdudiyyətlər tətbiq olunur. Paris və Lyon, Qrenobl, Aks-an-Provans, Montpelye, Lil, Ruen və Sent-Etyen daxil olmaqla, azı yeddi şəhərdə axşam saat 9-dan səhər saat 6-dək komendant saatı qüvvəyə minir. Komendant saatı azı dörd həftə davam edəcək.

Belçikada isə artan COVID-19 halları ilə mübarizə məqsədilə bazar ertəsindən etibarən ölkə boyu gecə saat 12-dən səhər saat 5-dək komendant saatı qüvvəyə minəcək. Bundan əlavə Belçika höküməti bazar ertəsindən başlayaraq bütün kafe, bar və restoranların bağlanmasına göstəriş verib.

Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzi şənbə günü bildirib ki, dünya boyu COVID-19-a 39.3 milyon yoluxma və 1.1 milyon ölüm halı qeyd alınıb.

Hindistan mətbuatında yer alan xəbərlərə görə, ölkədə COVID-19 vaksininin ilk vurulacağı 300 milyon insanın müəyyən etmək prosesini başladıblar.

Hindistanda COVID-19 halları davamlı olaraq artmaqdadır. Cənubi Asiya ölkəsi koronavirusa yoluxma hallarının sayına görə ABŞ-a yaxınlaşır.

Cons Hopkins Koronavirus Resurs Mərkəzi şənbə günü Hindistanda 7.4 milyon, ABŞ-da isə 8 milyon yoluxma halının olduğunu bildirib. Hindistan isə şənbə günü bir sutkada 62,212 yeni COVID halının qeydə alındığını xəbər verib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə günü bildirib ki, dünya boyu, xüsusilə də Avropa və Amerika qitələrində COVID-19-a gündəlik yoluxma halları rekord səviyyələrə çatıb.

Təşkilatın baş direktoru Tedros Adhanom Ghebreyesus Cenevrədə brifinq zamanı bildirib ki, son dörd gündə rekord sayda yoluxmalar qeydə alınıb.

“Biz unutmamalıyıq ki, bu, qeyri-bərabər pandemiyadır. Ölkələr fərqli mübarizələr apardı və onlara təsirləri də müxtəlif oldu. Ötən həftə dünya boyu yoluxmaların demək olar 70 faizi 10 ölkədə qeydə alınıb. Ümumi yoluxmahaların isə təxminən yarısı yalnız üç ölkənin payına düşür,” o deyib.