Donald Tramp Respublikaçılar Partiyasından prezidentliyə nominasiyanı qəbul etdi

Prezident Donald Tramp cümə axşamı partiyasından ikinci dəfə prezidentliyə nominasiyasını qəbul edərkən Ağ Evdə çıxışı zamanı deyib ki, noyabr seçkiləri “ ya bizim Amerika həyat tərzini müdafiə edəcəyimizi ya da radikal hərəkatın onu tamamilə məhv etməsinə icazə verəcəyini müəyyən edəcək."

Sabiq vitse-prezident Co Bayden tərəfindən rəqabətlə üzləşən Tramp Ağ Evin həyətində toplaşan böyük izdihama “bu ölkə tariximizin ən mühüm seçkisidir” deyib.

Aralarında Konqresin Respublikaçı üzvlərinin də olduğu 1000-dən çox dəvət olunan auditoriya iştirakçısı koronavirus pandemiyası dövründə ictimai sağlamlıqla bağlı tövsiyələrə baxmayaraq bir-birilərinə yaxın məsafədə oturublar və üz maskaları taxmayıblar.

Ümummilli və seçkinin taleyini müəyyən edəcək ştatlarda keçirilən rəy sorğularında Baydendən arxada gələn Tramp nitqinin böyük bir hissəsini Demokrat rəqibinə hücumlara həsr edib. O, Baydeni ölkəni dağıtmaq istəyən anarxistlər və radiklar solçular üçün “Troya atı” adlandırıb.

Tramp tərəfdarlarının alqış sədaları altına deyib ki, sabiq vitse-prezident Amerika ruhunun xilaskarı deyil. "O, Amerika iş yerlərini məhv edən insandır. Və əgər ona imkan verilsə, o, Amerikanın möhtəşəmliyini də məhv edəcək," Respublikaçı namizəd əlavə edib.

Tramp deyib ki, “Co Bayden 47 il boyunca işçi təbəqəsindən ianələr alıb, onları qucaqlayıb, hətta öpüb. O onların çəkdikləri əziyyətləri hiss etdiyini deyib. Sonra isə Vaşinqtona uçub, iş yerlərimizin Çin və başqa uzaq yerlərə göndərilməsinə səs verib.”

Çinə qarşı sərt mövqe

Prezident 70 dəqiqə davam edən nitqində iqtisadiyyat baxımından Çinə qarşı sərt yanaşmasını vurğulayıb və Pekini koronavirusu ölkənin sərhədindən kənara yayılmağa imkan verməkdə günahlandırıb.

Əslində Tramp prezidentliyinin əvvəlində Çin lideri Şi Tsinpinlə yaxşı münasibətləri olub. İki lider böyük ticarət danışıqları aparıblar. Koronavirus yayılmağa başlayandan sonra isə Tramp Şini bu böhranı yaxşı idarə etdiyinə görə tərifləyib. Lakin iki lideri arasında münasibətlər soyuyandan və Tramp ABŞ-dakı ictiami sağlamlıq və iqtisadiyyat sahəsindəki çətinliklərə görə Çini günahalndırmağa başlayandan sonra o, Baydeni Çinin yalanlarının qurbanı olmaqda ittiham edib.

"Co Baydenin gündəmi Çində müəyyən olunur. Mənim gündəmin isə ABŞ-da," Tramp deyib.

Tramp söz verib ki, əgər yenidən seçilsə, Amerika Çinə qarşı dayanacaq. "Biz onlara qətiyyən arxalanmayacağıq," ABŞ Prezidenti əlavə edib.

Prezident Donald Tramp rəqibi Co Baydenin 47 illik siyasi fəaliyəti dönəmində amerikalıların rifah halını yaxşılaşdırmaq üçün ciddi iş görmədiyini və iş yerlərinin Çinə axmasına seyrçi qaldığını deyir.

Prezidentin nitqindən bir az öncə Baydenin seçki kampaniyası Trampa hücum edərək onu “Çinlə əlaqələr baxımından bizim ən zəif prezidentimiz” adlandırıb.

“O, dəfələrlə Amerika maraqlarını Çin hökümətinə qarşı müdafiə edə bilməyib," Baydenin kampaniyası yaydığı bəyanatda bildirib.

Demokratlar Partyasından namizədin seçki kampaniyası iddia edib ki, “koronavirus pandemiyası yeni başlayanda Tramp Şinin yalanlarını yayırdı. Onun Çinlə tariff müharibəsi amerikalı fermerləri, biznesləri, istehlakçıları və işçiləri viran edib. O hətta yenidən seçilmə kampaniyasını qurtarması üçün prezident Şiyə yalvarıb."

Tarixin Səhv Tərəfi

Öz nitqində Tramp deyib ki, Bayden bütün karyerasını “tarixin səhv tərəfində” keçirib.

Prezident iki partiya arasında fəlsəfi və mənəvi fərqlərə diqqət çəkib.

“Solçuların geridəqalmış baxışında onlar Amerikanı dünyanın ən azad, ədalətli və unikal millət kimi görmürlər. Əvəzində onlar öz günahlarına görə cəzalanmalı olan zalım millət görürlər.

“Co Bayden zəifdir,” Tramp deyib. “O, öz göstərişlərini liberal hippokratlardan alır.”

Virtual kampaniya tədbirində Bayden prezidenti Ağ Ev həyətində sırf siyasi tədbir keçirdiyinə görə “tamamilə məsuliyyətsiz” adlandıraraq bu addımı “bütün əsas qaydaları zibil qutusuna tullamaq”da ittiham edib.

Prezident Donald Trampın Ağ Evin həyətində canlı nitq söyləməsi pandemiya təhlükəsini əsas gətirən Demokratlar tərəfindən tənqidlərə yol açıb.

Virtual və Canlı Tədbirlər

Prezidentin nitqindən dərhal sonra paytaxtın mərkəzi Vaşinqton monumenti üzərində “Tramp” və “2020” əks etdrən atəşfəşanlıq başlanıb.

Prezidentin Ağ Evdə izdiham qaşısındakı və vitse-prezident Mayk Pensin Baltimordakı canlı çıxışları istisna olmaqla Respublikaçıların qurultayı Demokratların bir həftə öncə keçirdikləri tədbir kimi virtual formata baş verib.

Virtual formatda qurultay keçirən partiyalar ABŞ-da 180,000 adamın ölümünə səbəb olan və 5.68 milyon adamın yoluxduğu koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bu addımı atıblar.

“Biz ilin sonuna qədər, yaxud daha tez vaksin istehsal edəcəyik,” Tramp cümə axşamı proqnozlaşdırıb.

Trampın siyasi müşavirləri inanırlar ki, ötən həftənin qurultayının gedişatında prezident öz siyasi reytinqlərini gücləndirməyə nail olub.

İvanka Tramp

Trampı qəbul nitqi üçün öz qızı və Ağ Ev müşaviri İvanka Tramp təqdim edib.

İrqi Etirazlar

Respublikaçıların qurultayı vaxtı Viskonsin ştatının Kenoşa şəhərində irqi zəmində etirazlar baş qaldırıb. Etirazlar afrikalı-amerikalı Ceykob Bleykin polis tərəfindən bazar günü güllələnməsindən sonra baş verib.

Mərkəzi ştat şəhərində baş verən etirazlarda binalar yandırılıb, qonşu İllionys ştatından gəlmiş 17 yaşlı gənc iki etirazçını öldürməkdə, digərini yaralamqda ittiham olunub.

Tramp öz nitqində Bleykin güllələnməsinə toxunmayıb. O, qanun-qaydanın qorunmasının vacibliyini vurğulayıb və Demokratların idarəçiliyi altında olan şəhərlərdəki agitatorları, qarətçiləri pisləyib.

Donald Tramp, Mayk Pens və digət qurultay natiqləri öz çıxışlarında hüquq-mühafizə orqanlarının işçilərini qətiyyətlə müdafiə etmiş və bəzilərinin zorakı xarakter aldığı etiraz aksiyalarına qarşı çxıblar.