“Müdafiə Xətti” Təşkilatının təsisçilərindən olan Rüfət Səfərov Baş Prokurorluğa çağırılıb

Yeni yaranmış “Müdafiə Xətti” Təşkilatının təsisçilərindən, keçmiş müstəntiq Rüfət Səfərov Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunub.

Bu barədə Rüfət Səfərov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, avqustun 3-də saat 09. 30-da İstintaq İdarəsinə çağırılıb.

Rüfət Səfərovun gümanına görə, onun çağırılmasının səbəbi özünün də təsisçisi olduğu “Müdafiə Xətti” Təşkilatının son bir həftəlik fəaliyyəti ola bilər.

Bununla bağlı rəsmi olaraq prokurorluq rəsmi açıqlama verməyib.

İyulun 21-də Azərbaycanda bir qrup hüquqşünas və ictimai fəal “Müdafiə xətti” adlı yeni hüquq-müdafiə təşkilatının yaradıldığını elan edib. Yeni təşkilat qeyri-siyasi və qeyri-dini birlik olduğunu bəyan edib.

Yeni təşkilatın təsisçiləri keçmiş müstəntiq, siyasi məhbus kimi tanınan Rüfət Səfərov, hüquqşünas Rəşid Hacılı, keçmiş vəkil Əlayif Həsənov, ictimai fəallar Zəfər Əhmədov, Sayğın Rüstəmli, Zaur Əkbər və jurnalist Təzəxan Mirələmlidir.

Təsisçilərin yığıncağında Rüfət Səfərov “Müdafiə Xətti”nin icraçı direktoru seçilib.

Müdafiə xətti” Azərbaycanda insan haqlarının qorunması və dəstəklənməsi, hüququn aliliyinin təmin edilməsinə yardım məqsədilə yaradılıb.

"Müdafiə Xəttinin" hədəfi habelə, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, hakimiyyət bölgüsünün təmin edilməsi, hökumətin hesabatlılığı və şəffaflığın təmin olunması, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, vətəndaş fəallığının yüksəldilməsi yolu ilə bütünlükdə demokratiyanın inkişaf etdirilməsidir” - deyə, təşkilatın manifestində qeyd edilib.