ABŞ atəşkəsin pozulmasını “ən qəti” şəkildə qınayır

“Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan beynəlxalq sərhədində baş verən zorakılıqları ən qəti şəkildə qınayır.”

Bu bəyanatla ABŞ Dövlət Departamenti çıxış edib.

“Biz tərəfləri dərhal qüvvədən istfadəni dayandırmağa, mövcud birbaşa kommunikasiya kanallarından istifadə edərək eskalasiyanın qarşısını almağa və atəşkəsə ciddi şəkildə riayət etməyə çağırırıq.”

Bəyanatda qeyd olunur ki, ATƏT Minsk Qrupunun həmsədri olaraq Birləşmiş Ştatlar Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə dayanıqlı şəkildə həll edilməsinə sadiq qalır.

“Biz həmin məqsədə nail olmaq üçün aktiv şəkildə səylərimizi davam etdirəcəyik.”

Rəsmi Vaşinqton Minsk Qrupu həmsədrlərinin danışıqları bərpa etmək çağırışına qoşularaq tez bir zamanda ATƏT müşahidəçilərinin regiona qayıtmasının əhəmiyyətini vurğulayıb.

ATƏT Tərəfləri Danışıqlar Masasına Çağırdı

ATƏT Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) and Endryu Şofer (ABŞ) Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulmasını qınayan bəyanat yayıblar.

Bəyanatda sərhəddə baş verən atəşkəsin pozulması nəticəsində həyat itkisi baş verdiyi və ağır artilleriyadan istifadə olunduğu vurğulanır.

Həmsədrlər toqquşmalarda ailə üzvlərini itirənlərə başsağlığı verərək kədərlərini ifadə ediblər.

"Minsk Qrupu həmsədrləri baş vermiş atəşkəs pozuntularını pisləyir və tərəfləri eskalasiyasnın qarşısını almaq üçün bütün mümkün tədbirlər görməyə, o cümlədən mövcud birbaşa kommunikasiya xətlərindən istifadə etməyə çağırırlar," bəyanatda deyilir.

Həmsədrlər həmçinin tərəfləri tez bir zamanda danışıqları bərpa etməyə çağırıblar.

Qarşıdurma

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində (Bakıdan 440 kilometr qərb) iyulun 13-nə keçən gecə ərzində gərginlik davam edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

“Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.”

Nazirlik bildirir ki, gecə döyüşündə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Rəşid Mahmudov həlak olub.

Müdafiə Nazirliyi cəbhədə Ermənistan hərbi obyektinin vurulmasının əks olunduğunu bildirdiyi video görüntü də yayıb.

Ermənistanın millət vəkili Andranik Koçaryan erməni qüvvələrin Azərbaycana məxsus bir neçə pilotsuz təyyarə vurduğunu bildirib.

Ermənistan mediası bu ölkənin Müdafiə Nazirliyinə istinadən bildirir ki, iyulun 13-də gecə saatlarında atışmalar davam edib, 2-3 saatlıq fasilədən sonra səhər saatlarında atışmalar yenidən bərpa olunub.

Nazirliyin sözçüsü Şuşan Stepanyan Azərbaycan tərəfinin sərhəddəki Çinari adlı kəndi 82 və 120 mm çaplı artilleriyadan atəşə tutduğunu bildirib.

Ermənistan tərəfi baş verən toqquşmalarda iki polis zabitinin, üç hərbi qulluqçusunun yüngül yaralandığını bildirir.

Azərbaycan tərəfi toqquşmalarda dörd əsgər itirdiyini təsdiqləyib.