Azərbaycanda 531 nəfər koronavirusa yoluxub, 514 nəfər sağalıb

Koronavirus

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 531 yeni yoluxma faktı qeydə alınıb, 514 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 6 nəfər vəfat edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 11-də məlumat yayıb.

“İndiyədək ölkədə ümumilikdə 23521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib, 8616 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.”

Məlumata görə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8045, ötən müddət ərzində isə ümumilikdə 560356 test aparılıb.

Azərbaycan uzun müddətli sərtləşdirilmiş karantin rejimi tətbiq etməsinə baxmayaraq ölkə üzrə COVID-19-a yoluxma halları azalmır. Bu gün son həftələrdə ilk dəfə olaraq sağalanların sayı yoluxanlara yaxınlaşıb.

Azərbaycanda karantin rejimi yumşaldıldıqdan sonra infeksiyaya yoluxma halı bir neçə dəfə artıb.

Bu səbəbdən xüsusi karantin rejimi və dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyulun 1-dək, sonra isə avqustun 1-dək uzadılıb.

Operativ Qərargah iyunun 14-dən 16-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edib.

Daha sonra, iyunun 21-dən iyulun 5-dək 3 tətbiq edilib, SMS-icazə sisteminə keçilib.

Qərara görə, sözü gedən yerlərdə nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Həmçinin ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər göstərilmir, muzey, sərgi zalları, bərbərxanalar, gözəllik salonları bağlanıb. Habelə təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla), açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi də dayandırılıb.

Amma dövlət qurumlarının, Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və bir sıra mühüm xidmət sahələrinin fəaliyyətinə icazə verilib.

Əhalinin qalan qrupları yenə küçəyə çıxarkən bir müddət öncə olduğu kimi SMS-lə icazə alır. SMS-lə icazə əvvəlki qaydaya nisbətən bu dəfə bir qədər genişləndirilib. Bura ərzaq almaq, tibbi zərurət, yaxınların dəfnində iştirakla və başqa hallarla yanaşı, açıq havada vaxtın keçirilməsi də daxildir. SMS-icazə ilə insanlar evlərini yalnız iki saat müddətinə tərk edə bilər.

İyunun 25-də baş nazir Əli Əsədov karantin dövründə iş yerində işləməyə icazə verilən işçilərin sayının azaldılması barədə qərar imzalayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni məlumatına görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 5-dən iyulun 20-dək uzadılıb.

Bundan əlavə, 2020-ci il iyulun 4-dən iyulun 20-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda iyulun 20-dək şənbə və bazar günləri bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində iyulun 20-dək bir çox iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.