Şərqi Azərbaycanda koronavirus səbəbilə ölənlərin sayı 12 olub

Təbriz Tibb Universitetinin bazar ertəsi səhər açıqladığı məlumata görə, Şərqi Azərbaycan vilayətində koronavirusa yoluxma səbəbilə ölənlərin sayı 12-ə çatıb.

Xəbər agentliklərinə istinadən, universitetin rektoru Məhəmməd Hüseyn Somi keçən 24 saat ərzində vilayətdə daha 23 nəfərdə koronavirusun aşkar edildiyini bildirib. Beləliklə, Şərqi Azərbaycan vilayətində indiyədək virusa təqribən 130 yoluxma halı qeydə alınıb.

İLNA xəbər agentliyinə görə, Məhəmməd Hüseyn Somi xüsusilə vilayətin mərkəzi Təbrizdə əhalinin epidemiya ilə bağlı tövsiyələri ciddiyə almadıqlarını tənqid edib.

“Çoxları hələ də koronavirusun vilayətimizə gəldiyinə inanmayıblar. Bizim araşdırmalarımız göstərir ki, Təbriz bazarı və alış-veriş mərləzlərindəki izdiham virusun yayılmasında ciddi rol oynayır. Alış-veriş mərkəzlərində izdihamın davam etdiyi təqdirdə Şərqi Azərbaycan valisindən məhdudiyyətləri artırmasını tələb edəcəyik,” Təbriz Tibb Universitetinin rektoru söyləyib.

SEE ALSO: Ümumdünya Səhiyyə Təşkilatı: 100 ölkə koronavirusa yoluxma haqda məlumat verib

Bazar günü İran mətbuatına məlumat verən Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpurun açıqlamalarına görə, İranda koronavirus səbəbilə ölənlərin sayı 194-ə çatıb. Cahanpur həmçinin virusun 6 min 566 nəfərdə aşkar edildiyini bildirib.

SEE ALSO: İran ordusu Təbriz şəhərini dezinfeksiya etməyə hazır olduğunu bildirib

Bəzi millət vəkilləri və yerli məsullar daxil olmaqla, bir çox siyasətçi, jurnalist və ictimai fəal koronavirus epidemiyası ilə bağlı hakimiyyətin açıqlamalarına güvənmədiklərini dilə gətirirlər.