D18 Hərəkatı martın 8-də yerləşdiyi ofisi tərk edib.
Bu barədə Amerikanın Səsinə hərəkatdan bildiriblər.
Ofisdən çıxmanın səbəbini polis koronavirus təhlükəsi ilə izah edib.
D18 Hərəkatının rəhbəri Ruslan İzzətli deyib ki, martın 8-də səhər saatlarından axşamadək ofisləri polis mühasirəsində olub:
“Səhər mən xəbər alandan sonra ofisə gəldim, ardınca biri mülki geyimli olmaqla 3 polis yaxınlaşdı. Biri özünü 18-ci Polis Bölməsinin əməliyyat müvəkkili kimi təqdim etdi, adı Ruslan idi. O, ofisi təcili tərk etməmizi istədi və səbəbin koronavirus olduğunu dedi. Polis zabitinə bildirdim ki, onda bankları və ticarət obyektlərini də bağlamaq lazımdır. Mən ona özümüzün ofisi dizinfeksiya etdiyimizi söyləsəm də, polis əməkdaşı təcili ofisi tərk etməmizi təkrarladı”.
Ruslan İzzətli polisin koronavirusla bağlı dediklərini bəhanə adlandırır və 2-3 gündür izləndiyini iddia edir.
Ruslan İzzətli qarşıdurmaya getmək istəmədikləri üçün az əvvəl binadan çıxdıqlarını bildirib.
Hadisə yerində sosial media üzərindən canlı yayım verən jurnalist Təzəxan Mirələmlinin işinə də polis müdaxilə edib.
Daxili İşlər Nazirliyindən deyilənlərə hələlik münasibət bildirilməyib.