Azərbaycan Xalq Hərəkatı “Qarabağa azadlıq!” şüarı ilə mitinq keçirib

Mitinq

Noyabrın 30-da Azərbaycan Xalq Hərəkatı Lökbatan qəsəbəsində yerləşən stadionda mitinq keçirilib. Tədbir Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Mitinq "Qarabağa azadlıq!" şüarı ilə keçirilib, eyni məzmunda plakatlar qaldırılıb.

Mitinqin təşkilatçıları tədbir üçün uzaq yerin verilməsi ilə bağlı narazılıq bildiriblər.

"Lakin hakimiyyətə deyirik ki, ölkənin ən ucqar yerində mitinqə bizi gönrdərsəydiniz, biz Qarabağı tələb etmək üçün ora da gedəcəkdik".

AXH-nın üzvü Mirmahmud Mirəlioğlu bildirib ki, Azərbaycan Qarabağ uğrunda radikal addımlar atmağa hazır olmalıdır.

"Biz Qarabağ uğrund qələbəni mütləq qazanacağıq. Qarşımızda kiçik düşmən onun arxasında isə böyük havadarlar dayanır".

Mirəlioğlu mitinqin keçirilməsi ilə bağlı böyük maneçiliklərlə rastlaşdıqlarını deyib.

"Burada gördüyünüz plakatları çap etmək üçün yüzlərlə sexlərə müraciət etdik. İmtina etdilər, dedilər dəli olmusunuz, Qarabağı istəyirsiniz? Bakı Şəhər İcra Hakimiyyətində mənə "axı siz Qarabağlı deyilsiniz, niyə Qarabağı tələb edirsiniz" dedilər. Görün bizi kim idarə edir. Dövlət dilini bilməyənlər dövləti idarə edirlər. Biz hamımız qarabağlıyıq. Biz Azərbaycanda yarıtmaz siyasət yürüdən, Paşınyana cavab verməyə əziyyət çəkənlərə qarşıyıq".

AXH üzvü ATƏT Minsk Qrupun fəaliyyəti kəskin tənqid edib.

O, həmçinin bütün partiyalara, təşkilatlara Qarabağla bağlı mitinqi birgə keçirməyi təklif etdiklərini da bildirib.

"Sağ olsunlar gələnlər də, gəlməyənlər də. Qaradağ da Azərbaycanın torpağıdır. Biz Qaradağdan başlayıb Qarabağa qədər gedəcəyik. Bizi hakimiyyət bu siyasətdən saxlaya bilməz. Belə etməsinlər ki, biz "Ya Qarabağı azad et, ya da çıx get" deyək. Nə edəcəksiniz? Torpaqlarımızı azad edəcəyik. Necə ki, sinənizə orden sancan Rusiya İmperiyası qarşımızda dura bilmədi, siz də dura bilməyəcəksiniz. Qarabağı və dövləti azad edəcəyik."

Keçmiş müdafiə naziri Rəhim Qaziyev 1992-ci ildə Qarabağ müharibəsini xatırladaraq, Azərbaycan ordusunun qələbələrini vurğuladı.

"Bizə ermənilər qalib gəlmədi, seçki xəyanəti qalib gəldi. Laçın və Kəlbəcər istiqamətində ordumuz çoxlu yaşayış məntəqələrini azad etdi. Amma bizə xəyanət etdilər. Azad, Konstitusiyaya uyğun dövlət qurulmayana qədər ölkədə seçkilər ədalətli olmayacaq," o, bildirdi.

Mitinqdə iştirak edən digər çıxışçılar - şəhid valideynləri, Qarabağ müharibəsinin veteranları da hakimiyyətin Qarabağla bağlı atdığı addımları kəskin tənqid edib.

"Bu rüşvətlə, bu korrupsiya ilə necə Qarabağı almaq olar? Qarabağı xalq tərəfindən seçilən prezident azad edə bilər. Ona görə xalq öz iradəsini ortaya qoymalıdır."

Mitinqin iştirakçıları müxalifət partiyalarını da mitinqə gəlmədiklərinə görə tənqid edərək "18 kilometrlik yolu gələ bilməyən 300 kilometri necə gedib Qarabağı azad edəcək?" deyə sual ediblər.

Mitinqin qətnaməsində sülh yolu ilə işğal olunmuş torpaqların azad edilməsi taktikasının işləmədiyi vurğulanıb və prezident İlham Əliyevdən ən qısa zamanda Qarabağı və onun ətrafında yerləşən rayonları azad etməsi üçün antiterror əməliyyətina başlaması ilə bağlı proqram açıqlamasını tələb edilir.

"Əks təqdirdə Azərbaycan Xalq Hərəkatı aksiyalara davam edəcək".

Mitinq insidentsiz başa çatıb.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, mitinqdə 450 nəfər ştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb.