Keçmiş müstəntiq, hazırda ictimai fəal Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində işgəncələr və məhbusların saxlanma yerlərindəki problemlərdən danışıb. Səfərov Milli Şuranın 19 oktyabr aksiyası zamanı saxlanılıb və 30 sutka inzibati həbsə məhkum edilib. Ondan əvvəl isə bir neçə il məhbus həyatı yaşayıb. Rüfət Səfərov yerli hüquq müdafiəçiləri tərəfindən `siyasi məhbus` kimi tanınıb.
Amerikanın Səsi: İnizibati həbsdə olarkən təzyiqə məruz qaldığınızı bildiribsiniz. Sizə təzyiq edənlər kimlər idi və təzyiqin məzmunu nə idi?
Onlar Azərbaycan hakimiyyətinin qulluqçuları olaraq həmin günü zorakılıq tətbiq etdilər.
Rüfət Səfərov: 19 oktyabr mitinqinin əsas təşkilatçı və təşviqatçılarından biri kimi meydanda əvvəldən axıra kimi oldum. Mitinqin yekunlaşmasına çox az qalmış iki, yoxsa üç polis nəfəri əllərimi burdu, avtobus istiqamətində apardılar. Həmin zaman fiziki təzyiqə məruz qaldım, başım zədələndi. Bir aylıq inzibati həbs dövründə, ilk 3-4 gün yuxusuzluqdan əziyyət çəkdim, narahat oldum. Daha sonra müəyyən dərman pereparatları qəbul etdikdən sonra səhhətim bir qədər məcrasına düşdü. Həmin polis nəfərlərinin ismi, soy adı mənə məlum deyil. Amma hər halda onlar Azərbaycan hakimiyyətinin qulluqçuları olaraq həmin günü zorakılıq tətbiq etdilər.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Amma saxlanılma yerində də təzyiqə məruz qaldığınızı bildiribsiniz?
Mən səmimi surətdə söyləyim ki, işgəncəyə, qeyri-insani rəftara, ləyaqəti alçaldan hər hansı təzyiqə məruz qalmamışam.
Rüfət Səfərov: Yox, təzyiq burada özünü necə ifadə edir? Mən səmimi surətdə söyləyim ki, işgəncəyə, qeyri-insani rəftara, ləyaqəti alçaldan hər hansı təzyiqə məruz qalmamışam. Sadəcə olaraq bir neçə gün ailə üzvlərimlə təmasa maneçilik törətdilər. Bunu mənəvi işgəncə hesab edirəm. Eyni zamanda telefonla təmaslarımız mümkün olmadı. Görünür saxlandığım müəssisənin rəhbərliyi ali dövlət orqanlarından hər hansı direktiv gəlmədiyinə görə qərar verə bilmirdi. Dörd-beş gündən sonra isə ailə üzvlərimlə, yaxınlarım ilə görüşə bilirdim. Şübhəsiz ki, onların da narahatçılıqları başa düşülən idi. Çünki dostlara çox ciddi işgəncələr verilirdi və bu səsləri mən eşidirdim.
Amerikanın Səsi: Sizinlə də danışıqlar olub?
Milli Şuranı, Azərbaycan Xalq Cəbhəsini, Əli Kərimlini İranın müəyyən ifrat radikal dini dairələrinə bağlamalı idirm. 2 noyabra təyin olunmuş növbəti mitinqdə soyuq və odlu silahdan istifadəni və bu istiqamətdə çox ciddi hazırlıqların getdiyini ifadə etməli idim. Təbii ki, bundan imtina etdim.
Rüfət Səfərov: Bəli, mənimlə danışıqlar olub. El arasında bandotdel (Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red) deyilən idarənin müstəntiqi mənimlə sorğu-sual edib. O, hazır suallarla gəlmişdi. Mənim qarşıma şərt qoyuldu ki, onları qane edən müvafiq cavabları ifadə etməsəm barəmdə cinayət işi qaldırılması mümkündür. Mən də soyuqqanlı şəkildə mövqeyimi bildirdim. Mahiyyətini sosial şəbəkələrdə paylaşmışam. Milli Şuranı, Azərbaycan Xalq Cəbhəsini (Xalq Cəbhəsi Partiyası nəzərdə tutulur-red), Əli Kərimlini İranın müəyyən ifrat radikal dini dairələrinə bağlamalı idirm. 2 noyabra təyin olunmuş növbəti mitinqdə soyuq və odlu silahdan istifadəni və bu istiqamətdə çox ciddi hazırlıqların getdiyini ifadə etməli idim. Təbii ki, bundan imtina etdim.
Amerikanın Səsi: Siz həbsdə olarkən müvəqqəti saxlanma yerlərində, təcridxanalarda və cəzsaçəkmə müəssisələrində saxlanıbsınız. Bu saxlanma yerlərində əsas probleməri necə xarakterizə edərdiniz?
Ayrı-ayrı məmurların, ayrı-ayrı rəislərin bir gəlir mənbəyi kimi ona baxa bilərik. Məhkumlara isə qeyri-insani rəftar, işgəncə halları artıq adi xarakter daşıyır.
Rüfət Səfərov: Ümumiləşmiş formada məsələyə hüquqi cəhətdən belə qiymət vermək istəyirəm ki, ümumiyyətlə cəza cinayət hüququ tədbiri olaraq Azərbaycanda öz mahiyyətindən xeyli uzaqdadır. Bizə hüquqdan cəzanın üç məqsədi məlumdur, xüsusi ədalətin bərpası, məhkumun islah olunması, həm o, həm də digər məhkumların anoloji addımlara, daha doğrusu ictimai təhlükəli əməllərə gələcəkdə yol verməməsi. Azərbaycan hakimiyyəti cəzaçəkmə müəssisələrində məhz bu üç məqsəddən savayı, istənilən fərdin mentaliteti baxımından əməllərinə nail olur. Mən Azərbaycanda saxlanılan məhkumlar barədə fikirlərimi belə ifadə edərdim, - eyni zamanda həm müvəqqəti saxlanma yerlərində, həm cəzaçəkmə yerlərində, həm də həbsxananın özündə başlıca hüquqi məzmun bundan ibarətdir, daha çox məhdud məsyliyyətli cəmiyyətlər formasında fəaliyyət göstər. Ayrı-ayrı məmurların, ayrı-ayrı rəislərin bir gəlir mənbəyi kimi ona baxa bilərik. Məhkumlara isə qeyri-insani rəftar, işgəncə halları artıq adi xarakter daşıyır. Bu artıq bir ənənə formasındadır. Mən saxlanıldığım dövrdə nələrə məruz qalmışam? Bu artıq Azərbaycan cəmiyyətinə bəllidir. Bu barədə artıq Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişik. Yaxın zamanlarda müvafiq kommunikasiya işlərinin başlanacağını gözləyirik.
Amerikanın Səsi: Saxlanma yerlərində əsas islahatlar nə olmalıdır?
Sadəcə olaraq pulla, maddi nemətlə maraqlandırdıqdan sonra həmin şəxs bəlli bir müddətdən sonra ya şərti surətdə məhkum oluna bilər və yaxud da müəssisənin növünü dəyişdirə bilər.
Rüfət Səfərov: Azərbaycan hökuməti, konkret halda dövlət başçısı İlham Əliyevin, səhv etmirəmsə, 10 fevral 2017-ci ildə “Penitensiar Xidmətin fəaliyyətinin daha da təkmilləşdirilməsi haqqında” fərmanı olub. Həmin fərmanda sözün əsl mənasında nəzəri cəhətdən normal, müasir tələblərə uyğun normalar var, hansı ki, müvafiq icra hakimiyyəti orqanları qarşısında tələblər qoyulur. Eyni zamanda qanunvericiliyə dəyişikliklə bağlı müəyyən ciddi təkliflər var. Amma biz bunun real nəticəsini bu gün gözümüzlə görmürük. Yenə də cəzaçəkmə müəssisələrində ixtiyarı bir məhkum bəlli bir müddətdən sonra şərti surətdə məhkum olunarsa və yaxud məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçid olarsa bu halda yalnız və yalnız həmin şəxsin mütləq surətdə cibində yaxşı pulu olmalıdır. Baxmayaraq ki, bu illər ərzində həmin məhkum heç bir hüquq pozuntusuna, rejim qaydalarının pozuntusuna yol verməyib. Sadəcə olaraq pulla, maddi nemətlə maraqlandırdıqdan sonra həmin şəxs bəlli bir müddətdən sonra ya şərti surətdə məhkum oluna bilər və yaxud da müəssisənin növünü dəyişdirə bilər. Yəni öz evində oturub, şərti surətdə məhkumluğunu yaşaya bilər. Məntəqə tipli cəzaçəkmə müəssisəsində isə dəqiq söyləyirəm, hər bir iş formal xarakter daşıyır. Ayda müvafiq, səhv etmirəmsə, hər bir məhkuum 200, yaxud 250 manat pulu ödəmək şərti ilə öz evində yaşayır. Hər ay pulu çatdırıb cəzasının yekununu gözləyir. Yəni, Azərbaycanın Penitensiar Xidmətinin cəza icra siyasətini ümumiləşdirilmiş mənzərəsini belə təqdim edərdim.
Qeyd: Bu, keçmiş müstəntiq, siyasi məhbus Rüfət Səfərovun fikirləridir.
Bununla yanaşı, Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi kütləvi aksiyaya cəhd zamanı saxlanılan şəxslərə qarşı işgəncə, təzyiq və qeyri-insani davranma halları ilə bağlı deyilənləri təkzib edib və belə halların ümumiyyətlə baş vermədiyini bildirib.
Eyni zamanda, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi bir qayda olaraq cəzaçəkmə müəssisələrində, təcridxanalarda insanların qanunvericiliyə və daxili intizam qaydalarına uyğun saxlanıldığını bildirir.
Penitensiar Xidmət rüşvət halları ilə bağlı iddiaları qəbul etmir və belə hallarla bağlı faktların olmadığını bildirir.