ABŞ-ın İran sanksiyaları ilə bağlı bəzi ölkələrə verdiyi imtiyazların möhləti çərşənbə günü başa çatdı.Türkiyə isə bu qədər qısa müddətdə neft ixraclarını müxtəlifləşdirə bilməyəcəyini söyləyib. Buna çarə tapılmadığı təqdirdə, ABŞ-la Türkiyə arasında gərginlik arta bilər.
Ötən il ABŞ prezidenti Donald Tramp 2015-ci ildə İran və bir neçə dünya qüdrəti ilə imzalanan nüvə razılığından geri çəkildi və İrana qarşı sanksiyaları bərpa etdi. Bununla yanaşı isə o, səkkiz ölkəyə İrandan neft idxalına son qoymaları üçün altı aylıq möhlət tanıdı.
Lakin çərşənbə günü son möhlət tarixinin başa çatması ilə, Hindistan və Yaponiya kimi ölkələr ABŞ-ın təzyiqinə boyun əyəcəklərinə işarə edib, Türkiyə kimi ölkələr isə buna müqavimət göstərir.
Türkiyə ABŞ rəsmiləri ilə intensiv siyasi danışıqlar aparır. Ankara Vaşinqtonu Tupras neft emalı zavodunun Tehrandan neft idxal etməsinə icazə verməyə çağırır.
ABŞ-ın tətbiq etdiyi son möhlət tarixi keçdiyi üçün, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın hazırkı mövqeyi ilə bağlı bəyanat yayıb və vurğulayıb ki, əgər Türkiyə ABŞ sanksiyalarına əməl etmək üçün mənbələrini şaxələndirmək məqsədilə texnologiyasını yeniləməyə məcbur olsa, neft emalı zavodları bir müddət fəaliyyətlərini dayandırmalı olacaq. Bu isə Türkiyə üçün baha başa gələ bilər.
Corporate Finance Services Ltd. şirkətinin idarə heyətinin üzvü Ozan Sakar İranın Türkiyənin enerji enthiyaclarının ödənilməsində mühüm rol oynadığını vurğulayıb.
“Türkiyə elektrik enerjisinin 40 faizini idxallardan asılı olan təbii qaz vasitəsilə təmin edir. Benzin də həmçinin. Türkiyə təbii qazının 17 faizini İrandan idxal edir. Türkiyə bunu qəflətən dəyişə bilməz. Bunlar uzun sürən proseslərdir”, Sakar deyib.
Lakin ABŞ İranın əsas gəlir mənbəyinə böyük zərbə endirmək ümidi ilə İranın neft ixraclarını kəsmək niyyətindədir. Sakar kimi təhlilçilər isə narahatdır ki, bunun nəticəsində İranda yaşanan qeyri-sabitlik regiona mənfi təsir göstərə bilər.
“Hazırda regionda, Türkiyənin qonşu ölkələri Suriya və İraqın hansı vəziyyətdə olduqları açıq-aydındır. İranın da regionda sabitliyin pozulma prosesinə cəlb olunması Türkiyə üçün ciddi təhlükəsizlik riskləri yarada bilər. Bu səbəblə də, Türkiyə sabitliyin pozulmasına bu prosesə qarşı çıxaracaq müdaxilə etmək istəyir”, Sakar söyləyib.
Lakin bu addım Türkiyə üçün iqtisadi baxımdan çətinliklər yarada bilər. Türkiyə lirəsi ABŞ dollarına qarşı dəyər itirməkdə davam edir. 2018-ci ildə 30 faizlik devalvasiyadan sonra, lirə bu il də 10 faiz dəyər itirib. Bunun bəzi maliyyə səbəbləri olsa da, siyasi gərginlik də səbəblər arasındadır.
Türkiyə onsuzda Rusiya ilə imzaladığı S-400 raket müdafiə sistemi ilə bağlı razılıqdan geri çəkilməkdən imtina etdiyinə görə Vaşinqtonla münaqişə yaşayır. Əgər Türkiyə ABŞ-ın sanksiyalarına əhəmiyyət verməyib, İrandan neft idxal etməyə davam edərsə, gələcəkdə Ankara-Vaşinqton münasibətləri və Türkiyə iqtisadiyyatında çətinliklər yarana bilər.