Rusiya vətəndaşları Azərbaycandan çıxarılıb

Daxili İşlər Nazirliyi

Azərbaycanda qanunsuz dini yığıncaq təşkil etdiyinə görə 9 Rusiya vətəndaşı ölkədən çıxarılıb.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, polis Bakının Binəqədi rayonu ərazisindəki evlərin birində Rusiya vətəndaşları olan 9 nəfərin qanunsuz dini yığıncaq təşkil etdiyini müəyyən edib.

Mətbuat xidməti bildirir ki, evə baxış zamanı dini təyinatlı - xristianlığı təbliğ edən beş kitab, 113 CD disk və 28 min vizit kart aşkarlanaraq götürülüb.

Həmin şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 515-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsi ilə protokol tərtib edilib və onlar ölkə hüdudlarından kənara çıxarılıb.

Mariya Zaxarova

Bu məlumatın dərcindən öncə, yanvarın 11-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycanın ərazisinə buraxılmaması ilə bağlı açıqlamasına rəsmi Bakı sərt cavab verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, Azərbaycanda rus dilində 340-dan çox tədris müəssisəsi var.

“Azərbaycan hər zaman Rusiya vətəndaşları üçün açıqdır. Yalnız 2018-ci ildə 880 min Rusiya vətəndaşı ölkəmizdə səfərdə olub və onlar tərəfindən bir dəfə də olsun qeyd edilən məsələlərlə bağlı şikayət olunmayıb.”

Azərbaycan Xarici İşlər Nazirliyi əmindir ki, Rusiya XİN-in mətbuat katibinin növbəti təxribat xarakterli və anti-Azərbaycan bəyanatı Azərbaycan-Rusiya əlaqələrinə mənfi təsir göstərməyəcək.
Leyla Abdullayeva, XİN-nin sözçüsü

Xanım Abdullayevanın sözlərinə görə, səfər edənlər arasında erməni əsilli Rusiya vətəndaşları da olub.

“Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, idman yarışlarında, mədəni tədbirlərdə nəinki erməni əsilli Rusiya vətəndaşları, hətta Ermənistan vətəndaşları da iştirak edib və onların heç bir problemi olmayıb”, mətbuat katibi Ermənistanla Azərbaycan arasında davam edən münaqişəyə işarə edərək vurğulayıb.

Mətbuat katibi deyib ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin ikitərəfli strateji münasibətlərin ruhuna zidd olan bəyanatlarla çıxış etməsi ilk hal deyil.

Leyla Abdullayeva

“Görünür ki, son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlərin yaranması və bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı (təkcə ötən il ərzində iki ölkə prezidentləri 6 dəfə görüşüb) Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir. Rusiya XİN-in mətbuat katibi bəyan edib ki, "Azərbaycan tərəfi söz verib ki, bu vəziyyəti düzəldəcək". Biz bunu qətiyyətlə təkzib edirik. Azərbaycan-Rusiya münasibətləri bərabərhüquqlu əlaqələrdir və "vəziyyəti düzəldəcəklər" ifadəsi ikitərəfli münasibətlərin mahiyyətinə ziddir.”

Azərbaycan Xarici İşlər Nazirliyi əmindir ki, Rusiya XİN-in mətbuat katibinin növbəti təxribat xarakterli və anti-Azərbaycan bəyanatı Azərbaycan-Rusiya əlaqələrinə mənfi təsir göstərməyəcək.

“Azərbaycan-Rusiya münasibətlərini xarici siyasət orqanları deyil, Azərbaycan və Rusiya prezidentləri müəyyən edir və hər iki tərəf bu münasibətlərin inkişafı üçün böyük maraq və səy göstərir”, mətbuat katibi Leyla Abdullayeva qeyd edib.