Pensilvaniya Universitetlərinin tələbələri Mehman Hüseynova azadlıq istəyir

Tələbələr blogerə dəstək məqsədi ilə video paylaşıb

ABŞ-ın Pensilvaniya Universitetlərinin tələbələri Mehman Hüseynova azadlıq tələbi ilə aksiya keçirib. Tələbələr əllərində "Mehman Hüseynova azadlıq!" şüarı götürərək sosial şəbəkələrdə blogerə azadlıq istədiklərini bildirən video paylaşıb.

"Azadlıq" qəzetinin Facebook səhifəsində yaydığı videonu təqdim edirik.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

O, həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Blogerə dəstək ak​siayaları ara vermir. Müsavat Partiyasının mənzil-qərargahında blogerə dəstək məqsədi ilə ictimaiyyətin nümayəndələri aclıq aksiyası keçirir. Berlində Azərbaycan səfirliyi qarşısın​da və Avropanın digər şəhərlərində dəstək ak​siyaları olub.

Milli Şura yanvarın 19-na “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə mitinq təyin edib.​

Beynəlxalq ictimaiyyət də blogerə dəstək verməkdə davam edir. ABŞ senatoru Marko Rubio, ABŞ Helsinki Komissiyasının həmsədri Kris Smit, ATƏT-in və Avropa Şurasının media azadlığı üzrə komissarları, Avropa Şurası Paplament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri, Fransa Xarici İşlər Nazirliyi, Böyük Britaniya parlamentinin üzvü, çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Mehman Hüseynovu həbsdən azad etməyə çağırıb.

Azərbaycan rəsmiləri ölkədə insan hüquqlarının durumu ilə bağlı beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Rəsmi Bakı bir qayda olaraq bütün fundamental azadlıqların tam təmin edildiyini, siyasi məhbusların olmadığını bildirir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus elan edib. Beynəlxalq təşkilatlar 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edib. Amnesty İnternational ondan çox insanı vicdan məhbusu elan edib.