Dövlət katibi Şimali Koreya, İran, Venesuela və Rusiyanın demokratiyaya təhlükələrindən danışıb

Reks Tillerson

“Dünyada demokratik dövlətlər və xalqlar təhlükə altındadır”. Bu barədə ABŞ dövlət katibi Reks Tillerson Demokratiyalar İcmasının İdarəetmə Şurasının 9-cu Nazirlər İclasında bildirib.

Onun fikrincə, Şərqi Asiyada Şimali Koreyanın getdikcə daha çox aqressivləşən və təcrid olunan rejimi Cənubi Koreya və Yaponiyadakı demokratik cəmiyyətləri təhdid edir və ən əsası, son zamanlar bu təhdidləri ABŞ-a doğru genişləndirmişdir və bununla bütün dünyanı təhlükə altında qoyur.

Orta Şərqdə İran terror və zorakılığı ixrac edərək İsraildən Avropaya və digər regionlara qədər demoratik icmaları təhdid edir.

“Orta Şərqdə İran terror və zorakılığı ixrac edərək İsraildən Avropaya və digər regionlara qədər demoratik icmaları təhdid edir. Digər regionlarda, bir zamanlar çiçəklənməkdə olan demokratik icmalar, məsələn, Venesuela demokratik dəyərlərdən geri çəkilir və ya onları fəal şəkildə sarsıdır. Nəhayət, Birmada olduğu kimi etnik mənsubiyyətdən asılı olmayaraq insan hüquqlarına hörmət edən dövlətə çevrilmək üçün mübarizə aparan yeni demokratik cəmiyyətləri dəstəkləməliyik”, o qeyd edib.

Dövlət katibi hesab edir ki, demokratik ideallara qarşı qlobal təhdid realdır.

“Məlumdur ki, demokratiya ölkənin həm daxilində, həm də xaricində sülh, sabitlik və firavanlıq yaradan idarəetmə formasıdır. Məlumdur ki, demokratik prinsiplərə və təcrübələrə əməl edən hökumətlər daha təhlükəsiz, daha sağlam, daha firavan cəmiyyətlərdir və öz vətəndaşlarının insan hüquqlarını qorumağa daha meyillidir. Demokratik hökumətlər xalq qarşısında hesabat verir və bu səbəbdən onlar korrupsiyaya qarşı daha davamlıdırlar, müstəqil və ədalətli məhkəmə sistemini dəstəkləməyə və müxtəlifliyə malik olan dinamik cəmiyyəti dinc şəkildə qoruyub saxlamağa daha meyilli olurlar”.

O, demokratik cəmiyyətlərin də qüsursuz olmadığın deyib.

“Bizim hamımızın görülməkdə olan işlərimiz qalır. Uğurlu demokratik cəmiyyətlər üçün çətin seçimlər, gərgin iş və sayıqlıq tələb olunur. Lakin demokratiya yeganə siyasi sistemdir ki, özünü korreksiya üçün institutsional potensiala malikdir və vətəndaşlara onları kimin və necə idarə etməsinin müəyyən edilməsində iştirak etmək hüququ verir. Məhz buna görə də biz azadlıq və demokratiyanın dünyanın hər yerinə yayılmasını dəstəkləyirik”.

R.Tillerson deyib ki, demokratiyanın sarsıdılmasına yönələn səylərin artdığı bir zamanda bu idarəetmə formasını dəstəkləmək və təşviq etmək üçün birlikdə çalışmaq daha vacibdir.

Şimali Koreya hazırda qlobal təhdiddir və bütün dövlətlərin qlobal cavab tədbiri görməsini şərtləndirir.

“Planetin ən az azadlığa malik xalqının olduğu Şimali Koreyadakı düşmənçi rejimin törətdiyi ən güclü pozuntunu nəzərdən keçirərkən, biz öncə regional müttəfiqlərimiz olan Cənubi Koreya və Yaponiyaya müraciət edirik. Onlarla və digər demokratik tərəfdaşlarla çalışarkən, biz dəyərlərimizi qoruyub saxlayan və bizi daha təhlükəsiz etməyə səy göstərən vahid beynəlxalq cəbhə yaratmaq üçün BMT-nin Təhlükəsizlik Şurasında konsensus yaratmağa davam edirik. Lakin Şimali Koreya hazırda qlobal təhdiddir və bütün dövlətlərin qlobal cavab tədbiri görməsini şərtləndirir. Latın Amerikası və Karib hövzəsi regionunda biz müntəzəm olaraq və xüsusən Amerika Dövlətləri Təşkilatı vasitəsilə tərəfdaşlarımızı cəlb etməyə davam edirik və eyni zamanda Venesuelanın demokratik təsisatlarını bərpa etməsi üçün hər bir diplomatik və iqtisadi vasitəni nəzərdən keçiririk”.

Dövlət katibi bildirib ki, Orta Şərqdə İran terror və zorakılıq ixrac edən təhdidedici şəbəkəyə nəzarət edir.

“Onlar regionda yerləşən ölkələrdə sabitliyi pozurlar. Buna cavab olaraq, Amerika Birləşmiş Ştatları Avropadakı müttəfiqlərimizlə və müttəfiqimiz İsraillə birgə bu təhdidləri aradan qaldırmaq istiqamətində səy göstərir, eyni zamanda İraqda meydana çıxan güclü, daha davamlı demokratiyanı dəstəkləyir”.

Rusiya kimi ölkələr bizim demokratiyamızın özülünə hücum etməklə, ABŞ-da azad və ədalətli seçkilərə müdaxilə etməklə öz demokratik qonşuları üçün təhdid yaratdığı bir zamanda Amerika öz demokratik tərəfdaşlarının yanında dayanır.

R.Tillerson deyib ki, Rusiya kimi ölkələr onun ölkəsinin demokratiyasının özülünə hücum etməklə, ABŞ-da azad və ədalətli seçkilərə müdaxilə etməklə öz demokratik qonşuları üçün təhdid yaratdığı bir zamanda Amerika öz demokratik tərəfdaşlarının yanında dayanır.

“Biz onları daha sayıq olmağa çağırır və öz demokratiyamızı gələcək müdaxilələrdən qorumaq üçün birgə çalışırıq.

Demokratiyalar İcması olaraq kimliyimiz məhz bundan ibarətdir. Biz daha azad, daha firavan və daha təhlükəsiz dünya naminə ortaq demokratik prinsipləri daha da irəli aparmaq üçün çalışırıq”, o qeyd edib.

“2000-ci ilin iyun ayında Demokratiyalar İcması Varşava Bəyannaməsinin giriş sətirlərində təsdiq etdi ki, “Xalqın iradəsi iqtidar hakimiyyətinin əsası olmalıdır və bu iradə öz ifadəsini vətəndaşların ümumi və bərabər seçki hüququnu təmin edən, çoxsaylı partiyalara açıq olan, gizli səsvermə yolu ilə keçirilən, müstəqil seçki orqanları tərəfindən monitorinq edilən, saxtalaşdırma və hədələmə ilə müşayiət olunmayan mütəmadi, azad və ədalətli seçkilər vasitəsilə öz nümayəndələrini seçmək hüququnun və vətəndaş kimi vəzifələrinin həyata keçirilməsində tapmalıdır”, dövlət katibi sitat gətirib.