İlham Əliyev Həsən Ruhanini təbrik edib

Prezident İlham Əliyev və İran prezidenti Həsən Ruhani

Prezident İlham Əliyev İran prezidenti Həsən Ruhaniyə yenidən prezident seçilməsi münasibəti ilə təbrik məktubu göndərib.

Məktubda deyilir ki, seçkilərdə qazandığı qələbə xalqın ona olan inam və etimadının göstəricisi, dost və qardaş ölkənin inkişafı və rifahı naminə gördüyü işlərə verilən yüksək qiymətdir.

"Mən Azərbaycan ilə İran arasındakı münasibətlərə böyük əhəmiyyət verirəm. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin mövcud vəziyyəti məmnunluq doğurur. Ölkələrimiz arasındakı siyasi dialoqu, müxtəlif sahələr üzrə qarşılıqlı maraq doğuran əməkdaşlığı, mədəni əlaqələrimizi, İranın Azərbaycanın ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirirəm.

İkitərəfli əlaqələrimiz xüsusən son illərdə yüksələn xətlə inkişaf etmiş və yeni məzmun kəsb etmişdir. Sizinlə keçirdiyimiz görüşlər, apardığımız danışıqlar, imzaladığımız sənədlər və həyata keçirdiyimiz layihələr münasibətlərimizin inkişafında mühüm rol oynayır.

İnanıram ki, ortaq mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın mənafeyinə uyğun olaraq Azərbaycan ilə İran arasında əlaqələrin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik", təbrikdə deyilir.