Güneydə Milli Hökümətin ildönümü ərəfəsində iki fəal həbs edilib

Cavad Əhmədi Yekənli

Azərbaycan Milli Hökümətinin 71-ci ildönümüdür

Hüquq müdafiəçiləri Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində iki türk fəalın İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığını bildiriblər.

Bu haqda insan haqları və İran Azərbaycanına dair xəbər yayan internet portalları məlumat yayıb.

Amerikanın Səsinin fəalların yaxınlarından əldə etdiyi məlumata görə, məmurlar Cavad Əhmədi Yekənli və Rüstəm Nadirəlinin evlərini axtarıb kompüter və kitablarını müsadirə ediblər.

Yerli fəallar iki fəalın həbsinin 1945-46-cı illərdə qurulmuş Azərbaycan Milli Hökümətinin ildönümü (11-12 dekabr) ilə əlaqədar ola biləcəyini önə çəkirlər.

İran İslam Respublikası ölkə daxilində Milli Hökümətin ildönümü münasibəti ilə tədbirlərin keçirilməsinə icazə verməməklə yanaşı, onun liderlərinin məzarı başında toplananları da nəzarət altına alır.

2013-cü ilin dekabr ayında İranın təhlükəsizlik qüvvələri Qərbi Azərbaycan vilayətinin Qoşaçay şəhərində Milli Hökümətin qurulmasında iştirak etmiş Xanəli Mütiyinin məzarı yanında toplanan 5 türk fəalı nəzarət altına alıb. Fəallar daha sonra Mahabad İnqilab məhkəməsi tərəfindən 91 gündən 9 aya qədər həbsə məhkum ediliblər.

Azərbaycan Milli Höküməti 1946-cı ilin dekabrında İran ordusunun Azərbaycan şəhərlərinə hücumu ilə devrilib.