Bloq: Venesuela ibrəti

  • Əsgər Möhsümoğlu

Venesuela mağazalarında boş rəflər normaya çevrilib.

Amerikada tez-tez işlənilən bir deyim var: Səfehliyin tərifi eyni şeyi təkrar-təkrar edib fərqli nəticələr gözləməkdir. Bu gün Venesuelada yaşanan böhran zəmanəmizin asan proqnozlaşdırıla biləcək böhranlarındandır. “Ya sosializm, ya da ölüm!” şüarı altında hakimiyyətə gəlmiş Uqo Çavez belə görünür ki, ölkəsinə həm sosializm, həm də kifayət qədər ölüm gətirib. Son statistik rəqəmlərə görə, Venesuelada hər həftə 500-dən çox adam qətlə yetirilir. Amma nə qədər qəribə də görünsə, Venesuelanın daha böyük problemləri var.

İndiyədək də Venesuela hökuməti anlaya bilmir ki, niyə şirkətləri itki ilə məhsul satmağa məcbur edəndə, onlar məhsul satmağı ümumiyyətlə dayandırırlar.
Matt O'Brien

“Venesuelada baş verənlər inqilabın öz balalarını yeməsi haqda deyimə tam yeni məna verir,” deyə Washington Post qəzetinin köşə yazarı Matt O’Brien Venesuelanın düşdüyü “ölüm spiralını” şərh edir. “Bu ölkənin mağazaları boş, insanları ac-yalavac, hökuməti isə baiskardır. Bu hökumət təchizat-təlabat qanununun əksinə gedərək bizneslərə nəyisə satmaq üçün bütün stimulları aradan qaldırıb. Nəticə budur ki, dünyanın ən zəngin neft yataqlarına malik ölkə indi özünü yedirtmək üçün fiziki zora əl atmaq məcburiyyətində qalıb.”

1999-cu ildə hakimiyyətə gəldikdən sonra Uqo Çavezin atdığı addımlar Venesuelada demokratik azadlıqların, mülkiyyət hüquqlarının sistematik şəkildə məhdudlaşdırılması ilə müşayiət olunub.

Venesuelanın bugünkü durumunun arxasında bir sıra səbəblər var, O’Brien izah edir. Ondan başlayaq ki, son iki ildə neft qiymətlərinin barrelə 110 dollardan 40 dollara enməsi qlobal iqtisadi düzənə, ələlxüsus neftdən ifrat asılı olan ölkələrə güclü təsir göstərib. Venesuelaya gəldikdə isə hökumətin yürütdüyü sosialist siyasət vəziyyəti ola biləcəyindən qat-qat ağırlaşdırıb. Məsələn, Beynəlxalq Valyuta Fondu təxmin edir ki, bu il Rusiya iqtisadiyyatında kiçilmə 1.8 faiz təşkil etdiyi halda, proqnozlar göstəricinin Venesuelada 10 faiz təşkil edəcəyinə işarə edir.

O’Brien Venesuelanın iflasını keçmişdə müşahidə olunmuş stereotipik dörd mərhələli proseslə izah edir.

İnflyasiya: Hələ neft qiymətləri 100 dollardan yuxarı olanda da Venesuela hökumətinin çıxarı gəlirindən çox idi. Çavez neft yataqlarının inkişafına yatırılmalı olan pulu sosial proqramlara xərcləməklə ölkənin maliyyə balansını bərbad duruma saldı. O’Brien bu əməli qarğıdalı toxumlarını əkmək əvəzinə onları yeməyə bənzədir. Nəhayət neft qiymətləri ucuzlaşmağa başlayanda, Çavez hökuməti bütün müflis rejimlərin işlətdiyi uğursuz kələyə əl atdı. O, istədiyi miqdarda pul çap etməyə başladı. Beləliklə, inflyasiya 2012-ci ildə 19 faizdən bu ilki 720 faizə qalxdı.

Qətllərin sayına görə dünyada birinci yeri tutan Venesuelada yeganə çiçəklənən biznes tabut biznesidir, hərçənd ki, bu sahədə də taxta qıtlığı problemdir.

Qiymətlərə nəzarət: Bazar qanunlarını qulaqardına vuran rəsmi Karakas daha sonra başqa qeyri-işlək taktikaya əl atdı. Çavistlər qiymət artımına simptom kimi baxmaq əvəzinə hökumət sərəncamları əsasında onları süni şəkildə tənzimləməyə çalışdılar. Bizneslərə məhsullara hansı qiymətləri qoymağı diktə edən hökumət əvəzində onları dövlət büdcəsindən dotasiya etməyə başladı. “Faktiki, Çavist rejimi inflyasiyadan pul xərcləməklə qurtulmağa çalışdı. Bu isə alınmadı,” O’Brien yazır.

Qıtlıq: “İndiyədək də Venesuela hökuməti anlaya bilmir ki, niyə şirkətləri itki ilə məhsul satmağa məcbur edəndə, onlar məhsul satmağı ümumiyyətlə dayandırırlar.” Oxşar dərsi sovet hökumətinə öyrənmək on illərlə vaxt aparmişdı, hərçənd ki, o qozbeli axırda qəbir düzəltdi. Bu növ rejimlər sadə həqiqəti dərk etmirlər ki, “heç nə istehsal etməmək nəyisə itirməkdən daha yaxşıdır.” Problem təkcə müstəqil yox, dotasiya ilə işləyən şirkətləri də əhatə edir. Belə ki, hökumətdən dollarla subsidiya alan şirkətlər həmin dollarları məhsuldan daha gəlirli qiymətə sata bilərlər. Ona görə də rəflərə məhsul qoyub onları dövlətin arbitrar şəkildə müəyyən etdiyi məntiqsiz qiymətlərə satmaq sərf etmir. Bu gün Venesuelada ərzaqdan tutmuş tualet kağızınadək hər şey qıtdır. O’Brienin yazdığına görə ötən ay Çavist hökuməti Kolumbiya ilə sərhədi 12 saat müddətinə açanda, 85 min venesuelalı qonşu ölkəyə cumaraq zənbillərini doldurmağa başladı.

Bu günlər Venesuelada yeni peşə meydana çıxıb. Qızmar tropik günəş altında qıt məişət malları yaxud ərzaq üçün saatlarla növbəyə dayanan adam öz yerini satmaqla cüzi miqdarda pul qazana bilər.

Milliləşdirmə: Əslində, bu termin aldadıcıdır, çünki adamda belə təəssürat yaranır ki, özəl sahibkarlıqdan çıxarılan şirkət xalqa bəxş olunur. Reallıq isə budur ki, ələlxüsus avtoritar rejimlərdə, dövlət şirkətləri siyasi rejimin başında duran bir ovuc adamın mülkiyyətinə çevrilir. Venesuelaya gəldikdə isə, belə görünür, hökumət özü öz demaqogiyasına aldanıb. 2013-cü ildə tualet kağızı şirkətləri istehsalatı dayandırdıqdan sonra, hökumət onları sabotajda ittiham edərək, şirkətləri nəzarətə götürdü. Nəticə? Eynən ərzaq və başqa dövlət ixtiyarına verilən sənayelərin aqibəti.

O’Brien Venesuelaya yanaşmada bir qayda olaraq iki amili nəzərdə tutmağı tövsiyə edir. “Birincisi budur ki, əgər nəsə pisləşə bilərsə, pisləşəcək. İkincisi isə odur ki, hər şey həmişə daha da pisləşə bilər.” İndi vəziyyət o həddə çatıb ki, Venesuela hökuməti heç xalqı iqtisadi baxımdan da nəyəsə vadar edə bilmir. Çarə qalır fiziki amilə. “Bu hökumətin heç pul çap etməyə də pulu yoxdur. Bu isə o deməkdir ki, adamları satın almaq çətinləşib. Əvəzində onları qorxutmaq lazımdır. Hökumət qəssablara 90 faiz itki ilə ət satmağa göstəriş verib. Satmağa heç nəyi olmayanları isə məcburi iki aylıq tənəffüs götürərək yemək istehsal etməyə göndərəcəyini deyir. Amnesty International bu praktikanı “məcburi əmək” kimi qiymətləndirərək müasir quldarlıqla müqayisə edib. Sovet dövrünün əmək düşərgələri, iməclikləri, ərzaq talonları, mənzil növbələri, pambıq tədarükləri və başqa fundamental iqtisadi prinsiplərə zidd kollektivist hoqqalarını xatırlayanalar üçün Venesuelanın başına gələnlərdə yeni bir şey yoxdur. Yeni olanı 20-ci əsrin ən sərsəm ideyalarının 21-ci əsrdə millətlərə xilas formulu kimi sırınmasıdır.