İki italiyalı iqtisadçı bu yaxınlarda maraqlı tapıntı aşkar edib. Florens əyalətində 1427-ci ildən 2011-ci ilədək vergi sənədlərini araşdıran Gugliempo Barone və Sauro Moçetti müəyyən ediblər ki, 600 il əvvəl Florensdə yaşamış ən varlı ailələlər indinin özündə də həmin əyalətin ən varlı ailələridir. Belə ki, əldə edilən rəsmi gəlirlərə əsasən müasir dövrün zəngin florentinləri 15-ci əsrin zənginləri ilə eyni soyadların daşıyıcılarıdır.
Tapdığımız o oldu ki, hazırda ən yüksək gəlirli adamların əcdadları altı əsr öncə də sosial-iqtisadi nərdivanın zirvəsində olublar.
Quartz məcmuəsinin əməkdaşı Aamna Mohdinin yazdığına görə tədqiqatın başlıca məqsədi İtaliya cəmiyyətində iqtisadi mobilliyi araşdırmaq, buradakı trendləri anlamaq olub. “Tapdığımız o oldu ki, hazırda ən yüksək gəlirli adamların əcdadları altı əsr öncə də sosial-iqtisadi nərdivanın zirvəsində olublar,” Barone və Moçetti qeyd edirlər.
Tədqiqatçılar etiraf edirlər ki, normalda başlıca kriteriya olaraq soyadlardan istifadə qüsurlu ola bilər. Lakin İtaliyada soyadlar yüksək dərəcədə lokal və unikal xarakter daşıyır və bir qayda olaraq şaquli formada gələcək nəsillərə ötürülür.
Zəngin ailələrin öz varidatlarını törəmələrinə ötürməsi o qədər də təəccüb doğurmaya bilər, Mohdin yazır. Diqqət doğuran odur ki, bu ailələr Florensin müxtəlif qüvvələr tərəfindən işğalı, Napoleonun hücumu, Mussoluninin diktaturası və iki dünya müharibəsindən təsirsiz sovuşublar.
İtaliyanın rekordunu üstələcəyək göstəricilər isə İngiltərədə qeydə alınıb. Oxşar xarakterli araşdırmalar müəyyən edib ki, az qala min il ərzində bəzi ingilis ailələri cəmiyyətdəki sosial-iqtisadi statuslarını saxlamağa nail olublar. Baskerville, Darcy, Montgomery, Percy və Talbot kimi soyadlar 1170-ci ildən 2012-ci ilədəkki dövrü əhatə edən sənədlərdə cəmiyyətin ən yüksək təbəqəsinə məxsus soyadlar kimi nəzərə çarpır.
Sosial status hətta fiziki hündürlükdən də daha güclü genetik faktordur.
“Söhbət 28 nəsildən gedir,” müəllif Kabir Chibber öz heyrətini gizlətmir. Güman etmək olardı ki, 1902-ci ilədək İngiltərədsə təhsil özəl olduğundan yalnız varlı ailələrin övladları bu imtiyazdan yararlanır və beləliklə sülalənin elitar statusunu qoruyub saxlayırdılar. Lakin Kaliforniya Universitetinin professoru Gregory Clark Oksford və Kembric universitetlərində qeydə alınan soyadların bu izahatı puça çıxardığını deyir. “Sosial status hətta fiziki hündürlükdən də daha güclü genetik faktordur,” o bildirir. “Əsrlər boyu statusla soyad arasındakı əlaqə qırılmaz qalır. 2012-ci ilin İngiltərəsində sosial mobillik sənaye dövründən əvvəlki perioddan yalnız cüzi xüsusiyyətlərlə fərqlənir.”
İtaliyada olduğu kimi burada da iqtisadçıları İngiltərənin keçdiyi uzun və keşməkeşli yolun elitar ailələrə bir elə ciddi təsir göstərməməsi təəccübləndirir. “Ən çox diqqət cəlb edəni odur ki, təsisat dəyişikliklərinə – məsələn, 18-ci əsr Sənaye İnqilabına, 19-cu əsr icbari təhsil islahatlarına və 20-ci əsrdə sosial-demokratik dövlətin təşəkkül tapmasına baxmayaraq, bu ailələrin statusunda eniş nəzərə çarpmır.”
Bu növ tapıntılar bəzilərində 20-ci əsrin cəmiyyəti alt-üst edən kommunist inqilablarına fərqli yanaşamaya həvəsləndirə bilər. Amma tələsməyək.
Belə məlum olur ki, sosial status baxımdan İngiltərə tarixi ilə ən çox oxşar cəhətləri paylaşan cəmiyyətlərdən biri Çindir. Bəli, kommunist inqilabının kapitalist elitanı hədəf aldığı və məhv etməyə çalışdığı Çin Xalq Respublkası!
1949-cu ildə hakimiyyəti ələ keçirdikdən sonra Mao Zedonqun əmrinə əsasən 800,000 mülkədar güllələndi. 1960-70-ci illərdə, “Mədəni İnqilab” dönəmində həmin mülkədarların 10 milyona yaxın ailə üzvləri və qohumlarının öldürüldüyü təxmin edilir.
Bəs görən bu cür radikal (və qeyrii-insani ölçülər) Çində nə kimi dəyişikliyə yol açdı? “Cüzi!” deyə iqtisadçılar Gregory Clark və Neil Cummins köşə yazarı Manuel Hindsə cavab verir.
Eramızdan əvvəl 220-ci ildə Çin və ondan sonrakı Yuan, Minq sülalələri dönəmində milli imtahan sistemindəki ən uğurlu 13 soyadı araşdıran alimlər maraqlı faktla üzləşiblər. Eyni soyadlar istər imperial, istərsə Kuonmintanq hakimiyyəti, istərsə də kommunist hakimiyyəti dönəmində Çinin sosial, iqtisadi və intellektual elitasında mütləq çoxluq təşkil edir.
“Bu o deməkdir ki, əgər siz 1912-ci ildən 1949-ci ilədək elitada təmsil olunan soyadın 2006-ci ildə mərkəzi hökumətdə gözə dəyəcəyini proqnozlaşdırmışdınızsa, onda 74 faiz halda haqlı çıxacaqdınız,” alimər yazır.
Cummins və Clark xəbərdarlıq edirlər ki, makro səviyyədə aparılan araşdırma fərdi ailələrin qalxımınə yaxud süqutuna dəalət etmir. Heş şübhəsiz, siyasi təlatümlərin fonunda bu növ dəyişikliklər gözlənilən və təbiidir. “Amma hətta kommunist ölkələrində belə bu proses 600-800 il vaxt ala bilər,” Hinds yazır. “Karl Marks, gözünə su ver.”