“Diktatura anlayışını yeniləməyə ehtiyac var,” Robert Kaplan Post-Modern Avtokratın Əl Kitabçası başlıqlı məqaləsində yazır. “Xalqa uzaqdan zülm edən, eksentrik xarakteri, arbitrar qərarları ilə tanınan, heç kim tərəfindən məhdudlaşmayan tiran haqda köhnə model işə yaramır.” Politoloqun yazıdğına görə, müasir diktatorlar xalqın rəyinə önəm verir, bir çox hallarda bu dalğanın üzərində öz mövqelərini gücləndirirlər. Əksər diktatorlar Bəşər Əsəd yaxud Müəmmər Qəzzafidən fərqli olaraq öz xalqını qırğına verməkdən, ölkələrini viran qoymaqdan çəkinir, mümkün qədər ictimai dayaqlarını möhkəmlətməyə can atırlar.
Bir çox hallarda ictmai rəy diktatorlar üçün demokratlardan daha mühüm olur, deyə Kaplan müşahidə edir. Demokratik liderlər xalqın emosiyalarını düzgün hesablamadıqları halda seçkiləri uduza bilərlər, diktatorlar isə həyatlarını, ailələrini, var-dövlətlərini – hər şeyi. Ona görə də onlar üçün ictimai rəyi razı salmaq vacibdir.
“Vaxt var idi ki, məlumatsızlıq üzündən diktatorlar öz möhtəşəmlikləri haqda illuziyalara qapılırdılar. Onlara elə gəlirdi ki, xalq onları həqiqətdə olduğundan xeyli çox sevir. İndi isə elmi sorğular, sosial şəbəkələr, və rəqəmsal cihazların sayəsində xalqın nəbzini tutmaq çətin deyil,” Kaplan yazır. Sovet İttifaqının dağılması və Ərəb Baharı fonunda hamı gördü ki, qısa bir zamanda diktatorlar necə asanlıqla çökdürülür. Diktatorların özləri də bu həqiqətdən agah olmamış deyillər.
İctimaiyyətlər bəzən öz idarəçilərindən daha sərt, daha millətçi əhval-ruhiyyəyə köklənir, və beləliklə onlar müəyyən hallarda seçilməmiş liderləri militarizmə sürükləyə bilir.
Kaplan hesab edir ki, dünya tədricən demokratiyaya keçid etdikcə liderlərin xalq rəyi ilə hesablaşması qaçılmazdır. Amma güman etmək olmaz ki, xalq rəyi həmişə dövlətin kursunu düzgün istiqamətə yönləndirir. İctimaiyyətlər bəzən öz idarəçilərindən daha sərt, daha millətçi əhval-ruhiyyəyə köklənir, və beləliklə onlar müəyyən hallarda seçilməmiş liderləri militarizmə sürükləyə bilir. Bu tendensiyaya nümunə olaraq Kaplan Rusiya prezidenti Vladimir Putinin Ukraynaya təcavüzünü misal gətirir. Hər dəfə Putin Ukraynada təcavüzü şiddətləndirəndə, daxildə onun reytinqləri bir qədər də qalxır. Eləcə də sanksiyaların ictimai rəyi ona qarşı çevirəcəyindən ehtiyatlanan Putin bəzən ayağını əyləcə basır.
Oxşar mənzərələri Çində, İranda və Misirdə də müşahidə etmək olar. Vaxtikən Mao Zedonqun etdiyi praqmatik seçimlər indi daha millətçi ictimaiyyətlə üzləşən prezident Şi Cinpinqə məqbul deyil. Kaplan güman edir ki, belə bir ictimai təzyiq olmadan Çin yəqin ki, Vyetnam və Yaponiya ilə ərazi mübahisələrində daha az aqressiya və daha çox təmkin nümayiş etdirərdi. İndi ölkə iqtisadi durğunluğa yuvarlandıqca güman ki, cənab Cinpinq daha çox millətçi emosiyalara arxalanmağa çalışacaq. Yaxud, İranda əhalinin artan liberalizmi Ayətulla Xameneyini yeni prezident Həsən Ruhani ilə hesablaşmağa vadar edir. “Şübhəsiz İran avtoritar teokratiyadır, ancaq bu gün orada daxili və xarici siyasətlə bağlı elitar və ictimai rəy bir-biri ilə rəqabətdədir. Bəlkə də bu təzyiqlərin ən güclüsü ilə Misrin yeni prezidenti Əbdül Fəttah əl-Sisi üzləşir. İki çevrilişin ardınca hakimiyyətə gəlmiş Sisi hamıdan yaxşı anlayır ki, ictimai qəzəb hakimiyyəti necə bir göz qırpımında darmadağın edə bilər.
Bəs bütün bu proseslərdə Qərbin rolu nədən ibarət olmalıdır? Robert Kaplan səbrli yanaşma və demokratiya mədəniyyətinin bəslənməsini tövsiyə edir. Politoloq düşünür ki, Qərb üçün uzaqdan başqa millət üçün demokratiya qurmaq çətin olardı, çünki günün sonunda söhbət xalq hakimiyətindən gedir. Əvəzində, Qərb dövlətləri sivil cəmiyyətin qurulmasını və kompromisli idarəçiliyə meylləri həvəsləndirməlidir. “Seçim diktatorları devirməklə heç nə etməmək arasında deyil… Biz lokal oyunçularla – vətəndaşlar, sivil cəmiyyət, hakimlər, hüquqşünaslar, polis və jurnalistlərlə – işləyib bu cür sistemləri daha azad etmək istiqamətində çalışa bilərik. Hətta ictimai rəyin hökmranlıq etdiyi dünyada demokratiya tərəfdarları diktaturanın daxildən ictimai təzyiqlər və qlobal normalar vasitəsilə sıxışdırılması üçün səy göstərməkdə davam etməlidirlər,” deyə politoloq tövsiyə edir.