Bloq: Amerikanı kim idarə edir?

  • Əsgər Möhsümoğlu

“Qəzet biznesində məzəli bir deyim var,” Jonah Goldberg yazır. “Wall Street Journal-ı ölkəni idarə edənlər oxuyur. Washington Post-u ölkəni idarə etdiyini düşünən adamlar oxuyur. The New York Times-ı o adamlar oxuyur ki, onlara elə gəlir ölkəni onlar idarə etməlidirlər. USA Today-i ölkəni idarə etməli olduqlarını düşünən, amma The New York Times oxuya bilməyənlər oxuyur. Boston Globe qəzetini isə vaxtikən valideynərinin ölkəni idarə etdikləri adamlar oxuyur.”

Ümumilikdə 525 üzvü olan Konqres qanunverici orqan olaraq hakimiyyətin əsas qanadı hesab edilir.

Bəs həqiqətən Amerikanı kim, yaxud kimlər idarə edir? Bu sualın cavabı təkcə xaricilər üçün yox, elə bir çox amerikalılar üçün də müəmmadır. Əlbəttə, ortada konkret rəsmi və əsasən dürüst izahat var. ABŞ-da hakimiyyət üç qanaddan ibarət hökumətə (Prezident, Konqres və Ali Məhkəmə) məxsusdur. Daha rəngarəng, konspirasiya nəzəriyyələrinə meylli izahatlar da var ki, burada adətən masonların yaxud müxtəlif milyarderlərin adları hallanır. Amma Jonah Goldbergin qaldırdığı fəlsəfi sual məsələnin mahiyyətinə yönəlib: 316 milyon əhalisi olan dünyanın ən qüdrətli dövlətində söz sahibi kimdir?

“Prezident Obamanın xətrinə dəymək istəmirəm. Amma Amerikanı prezident idarə etmir, çünki Amerikanı hökumət idarə etmir, və prezident də az qala heç hökuməti idarə etmir. Prezidentin öz işçilərinə əmr vermək səlahiyyətləri məhduddur, çünki mülki xidmət qanunları və həmkarlar ittifaqlarının müəyyən etdikləri qaydalar federal hökumətdə kimisə işdən çıxarmağı son dərəcə çətin edir.”

ABŞ prezidentinin öz işçilərinə əmr vermək səlahiyyətləri belə məhduddur, çünki mülki xidmət qanunları və həmkarlar ittifaqlarının müəyyən etdikləri qaydalar federal hökumətdə kimisə işdən çıxarmağı son dərəcə çətin edir.
Jonah Goldberg

Goldbergin müşahidəsinə görə üç qanaddan ibarət federal hökumətin başlıca xüsusiyyəti bu qanadların bir-birlərinin işlərinə əngəl törətməsi ilə səciyyələndirilir. “Bu arada, bilirsiz ki, ABŞ-da nə qədər yerli hökumət var? Rəqəm 90,065-dir.” Bəli, Amerikada doxsan mindən çox hökumət var ki, onlar amerikalıları yaşadıqları ştatlarda, şəhərlərdə, qraflıqlarda, qəsəbələrdə, kəndlərdə idarə edirlər. “Gülməcədə deyildiyi kimi, Amerikada çox adam istərdi ki, hökuməti idarə etsin. Amma bunu edə bilmədiklərindən əsəb keçirirlər. Universitet professorlarından tutmuş birja səhmdarlarınadək hər kəs maşının arxa oturacağında əyləşib olmayan şoferə göstəriş verir.”

Goldberg yazır: “Hər şeyi bir sinfin, yaxud bir qrup adamın idarə etməsi anlayışı qədimdir. Roma konsulu Lusius Kassius Cui bono? (Kim faydalanır?) sualını verəndə artıq bu anlayış köhnə idi. Səbəb odur ki, bəşər övladı təsadüflərin olduğuna inanmamağa kodlaşdırılıb. Dünya ona görə belədir ki, kimlikləri bəlli olmayan gizli ixtiyar sahibləri onun belə olmasını istəyirlər. Tarix boyu bu düşüncə özünü anti-Semit (dünyanı yəhudilər idarə edir), marksist (dünyanı hakim sinfilər idarə edir) kimi cərəyanlarda büruzə verib.”

Minnesota ştatının Eden Prairie qəsəbəsində bələdiyyə rəsmiləri qərarları yerli sakinlərlə məsləhətləşdirir.

Goldbergin fikrincə burada insan psixologiyasının rolu daha böyükdür. “Bəzi adamlar heç kimin heç nəyi idarə etməməsi anlayışından qorxurlar, çünki onlara öz problemlərininin baiskarı qismində boynuna yıxmağa kimsə lazımdır. Başqaları isə insan iradəsinə o qədər inanır ki, təsəvvür edə bilmir ki, ondan kənarda nəsə baş verə bilər.”

Təbii ki, məsələ Goldbergin təsvir etdiyi qədər sadə deyil. Günün sonunda Amerikanı idarə edən seçkili rəsmilər var, və onların verdikləri qərarlar çox şeyi müəyyən edir. Amma qaldırılan sual demokratik cəmiyyətdə kollektiv idarəçiliyin doğurduğu müəmmanı faş edir. Diktaturalardan fərqli olaraq, demokratik cəmiyyətlərdə, çox sayda adamların səlahiyyət sahibləri olduqları yerdə hakimiyyət naqillərini bir-birindən ayırd etmək həqiqətən çətindir. İnsanların öz hökumətini seçməsi, bu hökumətə onu idarə etmək səlahiyyəti verməsi, eyni zamanda ona davamlı qaydada nəzarət etməsi mürəkkəb siyasi mexanizm və yetkin toplum tələb edir. Belə bir sistem özü ilə azadlıqla bərabər böyük dozada qeyri-müəyyənlik, çox-hakimiyyətlilik gətirir. Cəmiyyətdə təkcə qorxu və nifrət obyekti yox, sevgi və pərəstiş obyekti də parçalanır. Seçim yaranır. Yəqin elə Amerikanın və ümumilikdə demokratiyanın cazibəsi də elə bundadır.