Bloq: Acı Dividentlər

  • Əsgər Möhsümoğlu

Rusiya Prezidenti Vladimir Putin

“Krımı ilhaq etməklə Vladimir Putin çox təhlükəli bir iş görüb. O, İkinci Dünya Müharibəsindən sonra yaranmış siyasi düzəni pozub,” deyə politoloq Paul Goble bir neçə ay öncə Amerikanın Səsinə müsahibədə müşahidə etmişdi. Həmin müsahibədən sonra Rusiya ilə bağlı atılan addımlar göstərir ki, dünya ictimaiyyəti də cənab Goble-un Putin haqda düşüncələrini paylaşır. Ölkə içərisində müstəqil medianı, müxalifəti susdurmaq, vətəndaş cəmiyyətini sıradan çıxarmaq bir şeydir, qonşu ölkəyə təcavüz edib onun torpaqlarını silah gücünə ilhaq etmək isə tamam başqa. Sonuncu dəfə Nasist Almaniyasının rəhbəri Adolf Hitler oxşar iddiaya düşdükdən sonra dünyanı müharibə girdabına salmış və 60 milyondan çox insanın ölümünə bais olmuşdu. Beynəlxalq ictimaiyyətin 1945-ci ildə San Fransiskoda bir araya gələrək “güclü haqlıdır” prinsipindən imtina etməsi və Birləşmiş Millətlər Təşkilatını təsis etməsi də məhz gələcəkdə növbəti belə fəlakətin qarşısını almağa hesablanmışdı.

Bu yaxınlaradək Qərbin ətrafında strateji dövrələr vuran Putinin başına məzəli əhvalat gəldi. Rusiyanın iqtisadiyyatı çökdü.
Matt O'Brien

Sürətlə və aqressiv şəkildə davaranan Vladimir Putini bu yaxınlaradək bəziləri güclü, ağıllı, fəndgir lider kimi təsvir edirdilər. Amma Matt O’Brien-in yazdığı kimi, “Qərbin ətrafında strateji dövrələr vuran Putinin başına məzəli əhvalat gəldi. Rusiyanın iqtisadiyyatı çökdü.” Ötən bir neçə həftənin içərisində rubl dəyərini sürətlə itirərək ölkəni maliyyə böhranına qərq elədi. Bu sətirlər yazılan anlarda 1 ABŞ dolları 61 rus rubluna bərabərdir. “Problem sadədir,” O’Brien izah edir. “Neftin qiyməti hələ də düşür və sadə ruslar pullarını rublda saxlamaq istəmirlər. Ölkədə əsası olan panika var.” Valyuta dəyərinin azalmasının qarşısını almaq üçün Rusiya Mərkəzi Bankı sələm faizlərini 17 faiz artırıb. Amma bu hələ o demək deyil ki, 17 faiz maraqla belə ruslar pullarını rublda saxlamağa etibar edəcəklər. O biri tərəfdənsə Rusiya iqtisadiyyatının dirçəlişi sələm faizlərinin aşağı salınmasını tələb edir.

Rusiya hökumətinin milyardlarla dollar bahasına rublun dəyərini saxlamaq cəhdləri fayda vermir.

Günün sonunda Rusiyanın başlıca problemi iqtisadiyyatının az qala büsbütün neftdən asılı olmasıdır. “Putin Rusiyası sabiq Sovet Ittifaqı kimi neftin qiyməti qədər güclüdür. 1970-ci illərdə bizə elə gəlirdi ki, SSRİ-nin Əfqanıstanı zəbt etməsi bizim Soyuq Müharibəni uduzmağımızın göstəricisidir. Amma reallıq bu idi ki, sovetlər özlərini yalnız neft qiymətlərinin yüksək qaldığı şəraitdə yedizdirə bilirdilər. 1980-ci illərin əvvəllərində neft qiymətləri qəfil ucuzlaşanda hamı – və ən çox da boş mağazaları dolaşan sovet vətəndaşları – SSRİ iqtisadiyyatının ilğım olduğunu anladılar. Tarix təkrar olunur, intəhası Marksizm-Leninizmsiz,” deyə O’Brien təcavüzkar Sovet İttifaqının aqibətini Putin Rusiyası ilə müqayisə edir.

Mən Rusiyanın möhtəşəmliyə gedən yolunu Qərbə qarşı mübarizədə yox, demokratik islahatlarda, azad bazar sisteminin qəbulunda və beynəlxalq qaydalara riayət olunmasında görürəm
Michael McFaul, sabiq ABŞ səfiri

Putinin elə də fəndgir strateq olmadığını düşünən başqa müşahidəçi ABŞ-ın Moskvadakı sabiq səfiri Michael McFauldur. Onun fikrincə Putinin qarşıya qoyduğu məqsədlərlə əldə olunan nailiyyətləri arasında uçurum var. Onun sözlərinə görə Putinin hakimiyyətdə olarkən başlıca məqsədləri bunlar idi: 1) Avrasiya İqtisadi İttfaqını möhkəmləndirmək, 2) Amerikanın dünya boyu siyasi nüfuzunun qarşısını almaq, 3) ABŞ-ın düşmən kimi imicini formalaşdırmaq, 4) Amerikanın raketdən müdafiı proqramını sıradan çıxarmaq, 5) Ticarət və investiyasnı güləndirmək , və 6) Rusiyanın beynəlxalq sistemdə güclü dövlət kimi rolunu bərpa etmək. “Əlbəttə bu, mənim siyahım olmazdı. Mən Rusiyanın möhtəşəmliyə gedən yolunu demokratik islahatlarda, azad bazar sisteminin qəbulunda və beynəlxalq qaydalara riayət olunmasında görürəm,” deyə McFaul fikrini ifadə edir. “Amma Putin hətta öz siyahısında yer alan məqsədlərinə belə nail ola bilməyib.”

Neft qiymətlərinin kəskin düşməsi əsas ixracatı neft olan Rusiyanı çətin duruma salıb.

Düzdür, Moskva Yaxın Şərqdə yaxın müttəfiqi Bəşər Əsədi birtəhər hakimiyyətdə saxlamağa müyəssər olub. İkincisi, sovetləri kölgədə qoyacaq kütləvi propaqanda metodları ilə əksər rusları ABŞ-ın düşmən olduğuna inandıra bilib. Üçüncüsu, ən azı Ukrayna böhranınadək, Rusiyanın beynəlxalq arenadakı nüfuzu güclənməyə başlamışdı. Onun liberal Qərbə qarşı mühafizəkar alternativ obrazı yaratması Amerikaya qarşı çıxmaqla özlərini təsdiq etməyə çalışan bir sıra başqa ölkə liderlərinin rəğbətini qazanmışdı. Soçi Olimpiada Oyunları Rusiya haqda müsbət rəy yaratmaqda böyük rol oynamışdı. Amma nail olunmayan məqsədlərin sayı daha çoxdur. Ukraynaya kobud müdaxiləsi ilə Putin nəinki Kiyevi Avrasiya Gömrük İttifaqına qoşa bilmədi, bu ölkəni və onun insanlarını Moskvadan çiyrindirdi. Az qala eyni dildə danışan 40 milyon adam indi hər vəchlə Qərbin təhlükəsizlik çətiri altına girməyə və Rusiyadan uzaqlaşmağa can atır. Üstəlik Rusiyanın Ukraynadakı aqressiv davranışı bütün dünya ictimaiyyətini hürküdüb. Heç kəs zor gücünə başqalarına iradəsini diktə edən dövlətlə dost olmaq istəmir. Rusiya ilə həmsərhəd dövlətlər onunla iqtisadi-siyasi münasibətləri minimuma endirir və beləliklə Vladimir Putini beynəlxalq siyasi arenadan təcrid edirlər. Putinin aqressiv davranışı Qərb dövlətlərində Rusiya ilə bağlı nə kimi addımlar atılması üzərində debatı da bitirdi. Kommunizm ideyasını vəsf edən Sovet dövlətindən fərqli olaraq indi xaricdə nə solda nə də sağda səmimi duyğularla Kremlə rəğbət bəsləyən adam qalmayıb.

Rusiyadan beyin axını da Putin siyasətinin iflasının göstəricilərindən sayıla bilər. Rusiya federal statstika xidməti Rosstatın verdiyi məlumata görə 2012-ci ildə Rusiyadan 123,000, 2013-cü ildə isə 186,000 adam tərk edib. 2013-cü ildə siyasi sığınacaq üçün 40,000 rus müraciət edib ki, bu, da 2012-ci ildəki rəqəmlə müqyisədə 76 faiz artım təşkil edir. Daha diqqət çəkəni isə 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra daxil olan rəqəmlərdir. Təkcə aprel ayından bəri Rusiyanı 203,000 adam tərk edib. Maraqlısı budur ki, tərk edənlər Rusiyanın yoxsul yox, varlı, ali təhsilli elitar zümrəsinin nümayəndələridir. “Mən oğlumun ədalətli cəmiyyətdə yaşamasını istəyirəm – elə bir yerdə ki, orada qanun aliliyi olsun. Bir vaxtlar ümid edirdim ki, Rusiyada daha yaxşı cəmiyyət qurmaq mümkündür, amma indi bütün ümidimi itrimişəm. Getmək vaxtıdır,” deyə bir rus biznesmen bu gün Rusiyada insanların sentimentini ifadə edir.