İslam Dövləti militantları İraqın Anbar vilayyətində daha çox ərazi ələ keçiriblər. Suriyada isə İŞİD Kürd qüvvələri ilə Türkiyə sərhədində yerləşən Kobani şəhərinə nəzarət uğrunda döyüşləri davam etdirir.
İraq təhlükəsizlik qüvvələri çərşənbə günü üsyançıların paytaxt Bağdadın 35 kilometr yaxınlığında yerləşən Amriyat əl-Falluca şəhərinə yaxınlaşdıqlarını xəbər verirlər.
Britaniyada fəalliyət göstərən Suriya İnsan Haqları Müşahidə Mərkəzi bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Kobanidə yerləşən İslam Dövlətinin sığınacaqlarına qarşı hava hücumları həyata keçirib.
Suriyada fəaliyyət göstərən insan haqları qrupu bildirib ki, kürd döyüşçülər Kobaninin bəzi küçələrindən cihadçıları qova biliblər.
ABŞ Prezidenti Barak Obama çərşənbə günü Qərb və ərəb müdafiə nazirləri ilə keçirilən görüşdə Kobani və Anbar vilayətləri ilə bağlı narahatlığını ifadə edib.
Obama İslam Dövlətinə qarşı olan savaşı ”uzun-müddətli mübarizə” olaraq gördüyünü bildirib. Onun sözlərinə görə “hər bir hərbi əməliyyatda olduğu kimi, bu döyüşdə də enişlər və yoxuşlar olacaq.
Avstraliya İraqa 200 xüsusi əsgər göndərməyi təklif edib, ancaq ilk öncə İraq hökümətinin Avstraliya hərbçilərini hüquqi müdafiə ilə təmin etməsini tələb edir. Baş nazir Toni Abbot bildirib ki, o, bu razılaşmanın yaxın zamanlarda həyata keçməsini və Avstraliya ordusunun İraqa yola düşməsini gözləyir.
ABŞ dövlət katibi Con Kerri militantların İraqda yaşayan etnik azlıqlara mənsub qadınlar və qızlara zülmünü qruplaşmanın mənəviyyatsızlığının göstəricisi kimi dəyərləndirərək bu məsələlərdə sayıq olmağa çağırıb.