Prezident Obama İŞİD-i darmadağın edəcəyini bəyan etdi

President Barak Obama Ağ Evdən xalqa müraciət edir. 10 sentyabr, 2014.

ABŞ Prezidenti Barak Obama İslam Dövləti militantlarına qarşı Amerika hərbi səylərini xeyli genişləndirəcəyini bəyan edərək terroristləri harada olmalarından asılı olmayaraq məhv edəcəyini bildirdi.

“Hədəfimiz aydındır: Biz hərtərəfli əks-terrorizm strategiyasına əsaslanaraq İŞİD-i zəiflədəcək və sonda darmadağın edəcəyik.”

Prezident Obama strategiyanı çərşənbə günü axşam Ağ Evdən xalqa televiziya müraciətində açıqladı. Onun müraciəti İraq, Suriya və Yaxın Şərqin başqa guşələrində İslamçı ekstremizm təhlükəsinin günü-gündən artdığı vaxta təsadüf edir.

Barak Obamanın planına İraq təhlükəsizlik qüvvələrinə və Suriyadakı Qərb təmayüllü müxalifət qüvvələrinə təlim keçmək daxildir. Planın başlıca hissəsi Amerika müttəfiqlərinə havadan davamlı dəstək vermək və düşmən hədəflərini bombardman etməyi nəzərdə tutur.

Prezident Obama onu da qeyd etdi ki, İslam Dövləti militantlarına qarşı mübarizə İraq və Əfqanıstandakı müharibələrdən fərqləncək. Belə ki, ABŞ döyüş meydanına əsgər göndərməyəcək.

“Xarici torpaqda Amerika əsgərləri olmayacaq. Əks-terror kampaniyası düşmənə istənilən nöqtədə ardıcıl, amansız hava zərbələrinə əsaslanacaq”.

ABŞ prezidenti həmçinin hava zərbələrini Suriyaya genişlənəcəyini istisna etmədi. O, qeyd etdi ki, hərbi səylərdə ABŞ özünün Avropa və Yaxın Şərdəki müttəfiqləri ilə əməkdaşlıq edəcək.