Ukrayna Prezidenti Petro Poroşenko Qərb liderlərinin NATO sammitində güclü dəstək nümayişi ilə qarşılanıb. Uelsdə bir araya gələn NATO ölkələri rəhbərləri Rusiyapərəst qüvvələrin Ukraynanın şərqində irəlilədikləri bir məqamda Kiyevə tam siyasi dəstək verdiklərini ifadə ediblər.
Hərçənd ki, Ukrayna NATO üzvü deyil, Poroşenko alyansın Uels sammitinə dəvət olunub. Burada o, ABŞ Prezidenti Barak Obama, Britaniya Baş Naziri David Kameron və Almaniya Kansleri Angela Merkellə, habelə Fransa və İtaliya liderləri ilə görüşüb.
“Rusiya Krımı qeyri-qanuni ilhaq etməklə qaydalar kitabını cırıb və onun qoşunları Ukraynanın suveren hüquqlarını pozmaqda davam edir,” deyə Obama və Kameron birgə yazdıqları qəzet baş məqaləsində bildiriblər.
Sammit iştirakçıları Poroşenko ilə razılaşıblar ki, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq olunmalıdır.
Rusiya prezidenti Valdimir Putin çərşənbə günü Ukrayna ilə bağlı yeddi müddəadan ibarət sülh planı təklif edib. Lakin planı rədd edən NATO Baş Katibi Anders Foq Rasmussen Putini dərhal öz qüvvələrini suveren Ukrayna ərazilərindən çıxarmağa çağırıb.
“Biz Rusiyanı öz qoşunlarını Ukraynadan geri çəkməyə və bu ölkəyə silah, döyüşçü və vəsait axınına son qoymağa çağırırıq. Rusiya münaqişədən geriyə addım atmalı və sülh yolunu tutmalıdır,” Rasmussen bəyan edib.
Əgər Putin suveren ölkəni öz acgözlüyü, aqressivliyi və imperial ambisiyası ucbatından işğal edə bilərsə, onda başqalarını nə çəkindirəcək?Con Makkeyn, ABŞ Senatoru
Bu arada Kiyevdə səfərdə olan qocaman ABŞ senatoru Con Makkeyn ölkəsinin Ukrayna ilə həmrəyliyini ifadə edib.
“Əgər Putin suveren ölkəni öz acgözlüyü, aqressivliyi və imperial ambisiyası ucbatından işğal edə bilərsə, onda başqalarını nə çəkindirəcək?” deyə Makkeyn dünya ictimaiyyətini demokratik Ukrayna hökumətinə həyan olmağa çağırıb.
Cümə günü Ukrayna və Rusiya nümayəndələri Minskdə atəşkəs variantlarını nəzərdən keçirməyi planlaşdırır.