ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb. Naxçıvanda “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi”nin direktoru İlqar Nəsibovun qəddarcasına döyülməsi haqda sualı cavablandıran rəsmi bu haqda dünəndən bəri əlavə yeni məlumata malik olmadığnı deyib.
Cənab Nəsibovun durumu ilə bağlı Dövlət Departamentinin öncə açıqladığı bəyanatın Azərbaycan hökumətinin davranışı ilə bağlı ilk bəyanat olmadığını vurğulayan sözçü Vaşinqtonun Azərbaycanda sivil cəmiyyətə tətbiq edilən məhdudiyyətlərdən dərin narahatlığını ifadə edib. “Son vaxtlarda biz Azərbaycanda sivil cəmiyyətə, söz azadlığına qoyulan məhdudiyyətlərin artdığını müşahidə edirik. Biz Azərbaycan hökumətini öz vətəndaşlarının universal hüquqlarına hörmət etməyə, onlara öz fikirlərini sərbəst ifadə etməyə imkan verməyə çağırırıq.”
Jen Psaki əlavə edib ki, Azərbaycan vətəndaşlarının hüquqlarına hörmət olunması xalqın mənafeyinə və firavanlğına xidmət edəcək mühüm amildir.
Amerikann Səsinin ABŞ Dövlət Departamentindəki müxbiri Azərbaycan hökumətinin bu çağırışlara məhəl qoymadığı təqidrdə, insan haqları sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün rəsmi Bakıya qarşı nə kimi ölçülər götürülə biləcəyini soruşub.
“Mən spesifik plan açıqlaya bilmərəm,” deyə Dövlət Departamentinin sözçüsü bildirib. “Biz insan haqlarının pozulmasından narahatlıq keçirən avropalı müttəfiqlərimizlə və başqa tərəfdaşlarımızla birgə işləyirik. Konkret bu məsələdə də fəaliyyətimizi davam etdirəcəyik.”