ABŞ-ın Missuri ştatında qaradərili yeniyetmənin ölümülə nəticələnmiş atışma etiraz nümayişləri və iğtişaşlara səbəb olub.
Sent Luis şəhəri ətrafında yerləşən Ferquson qəsəbəsində bazar günü gecə iğtişaşlardan sonra 32 nəfər həbs edilib.
Rəsmilər həbs edilənlərə qarşı hücum, qarət və oğurluq kimi bir neçə maddə üzrə ittihamların irəli sürüləcəyini bildirib.
Zorakılıq aktları nümayişçilərin atışmanın baş verdiyi yerin yaxınlığında toplaşmasından sonra baş verib.
Televiziyada etiraz nümayişçiləri və iğtişaş polisi arasında qarşıdurma yarandığını göstərən kadrlar nümayiş etdirilib. Nümayiş dağılandan sonra etirazçılar mağazaları qarət edib və yanacaq doldurma stansiyasında yanğın törədib.
Ferquson şəhərciyinin meri Ceyms Nouls sakitliyə çağırıb və hərtərəfli və qərəzsiz təhqiqat aparmağa söz verib. Federal Təhqiqat Bürosu insidentlə bağlı ayrıca təhqiqata aparılacağını bildirib.
18 yaşlı Maykl Braun polis zabiti ilə qarşıdurma zamanı öldürülüb. Hadisənin detalları məlum deyil.
Yerli medianın verdiyi məlumata görə, insident Ferquson qəsəbəsinin əksəriyyəti qaradərili sakinləri və ağlardan ibarət polis işçiləri arasında gərginliyə diqqət çəkir.