Dünya Azərbaycanlıları Konqresinin nümayəndə heyəti İraqda

Your browser doesn’t support HTML5

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Firidun Pərvizniyanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 22-dən İraq Xarici İşlər Nazirliyinin dəvəti ilə Bağdadda səfərdədir. Nümayəndə heyətinin tərkibinə DAK İdarə Heyətinin üzvləri – “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli, həmsədrlərin humanitar və mədəniyyət məsələləri üzrə müavini Xəzər Emin, İraq parlamentinin deputatı, İraq Türkmən Cəbhəsinin təmsilçisi, İraq Türkmən Yazıçılar Birliyinin sədri Əkrəm Fevzi Tərzioğlu və təşkilatın Nəzarət-Təftiş Komissiyasının sədri Samir Əsədli daxildir. DAK nümayəndə heyəti İraqın gələcəyi ilə bağlı Bağdadda keçirilən beynəlxalq konfransda iştirak edir. Səfər çərçivəsində DAK nümayəndə heyəti İraqın gənclər və idman naziri Casim Məhəmməd, dövlət naziri Turhan Müfit, İraq parlamentinin işçi qrupunun rəhbəri, sabiq baş nazir İbrahim Cəfəri, İraq Türkmən Cəbhəsinin sədri, millət vəkili Ərşad Salihi, tanınmış kərküklü yazar-jurnalist, doktor Şəmsəddin Kuzəçi, Türkiyə, Tunis, Küveyt və Misir nümayəndə heyətləri, Sudanın İraqdakı fövqəladə və səlahiyyətli səfiri və Kərkük türkləri ilə görüşüb. Bundan əlavə, DAK nümayəndə heyəti Kərbəlada böyük Azərbaycan şairi Məhəmməd Füzulinin məzarını və İmam Hüseynin (ə.s.) məqbərəsini də ziyarət edib.