Bu, iki diktator arasında ideoloji müharibə idi, Azərbaycan xalqına heç bir dəxli yox idi, deyə güneyli fəal Amerikanın Səsinə müsahibədə İran-İraq müharibəsini səciyyələndirir. ABŞ paytaxtı Vaşinqton civarında mühacirətdə yaşayan Elyaz Yekənli deyir ki, əksər Azərbaycan türkləri Xomeyni hökumətinin təbliğatına uyaraq cəbhədə düşmən gülləsinə tuş gəlirdilər. Onlar Azərbaycan uğrunda yox, Xomeyninin ideologiyası uğrunda savaşırdılar.
Hər gün yas idi, hər gün ağlaşma idi. Bu müharibə uşaq olaraq çoxlarında psixoloji pozğunluq yaratdı.Elyaz Yekənli
Güneyli fəalın sözlərinə görə müharibə başlayanda İslamçı rejim ölkədə hələ yenicə təşəkkül tapmışdı. Azərbaycan türkləri müharibə haqda son dərəcə məhdud təsəvvürə malik idilər. Çoxları hərbi münaqişənin nə üstə getdiyini anlamırdı. İslamçı dəstələr xalq arasında propaqanda aparır, onların beyinlərini sərsəm rəvayətlərlə doldururdular.
Xomeyni hökuməti xalqı inandırmağa çalışırdı ki, döyüş meydanında həlak olanlar şəhid olub cənnətə düşəcəklər. Bu yolda minlərlə gənc öz həyatını itirdi. “Hər gün bizim kənddə yas idi, ağlaşma idi,” deyə cənab Yekənli həmin günlərin ağrı-acısını xatırlayır.
Elə məqamlar olurdu ki, güneyli türklər İraq türkmənləri ilə üz-üzə gəlir, bir-birlərinə güllə atırdılar. Çoxu heç anlamırdı ki, cəbhənin qarşı tərəfində də müharibəyə türklər cəlb olunub. İran hökumətinin bütün müharibə siyasəti insanların savadsızlığına, məlumatsızlığına əsaslanırdı, deyə Yekənli müşahidə edir.
“Müharibə dönəmində dəhşətli qıtlıq var idi, ərzaq tapılmırdı. İnsanlar yoxluqdan əziyyət çəkirdilər,” deyə güneyli fəal bildirir. Onun sözlərinə görə müharibənin sonunda Azərbaycan türkləri verdikləri qurbanların müqabilində heç bir hüquq əldə etmədilər və mədəni-siyasi durumları daha da pisləşdi.