Dövlət Departamenti Azərbaycanın terrorizmə qarşı səylərini müsbət dəyərləndirir

ABŞ Dövlət Departamentinin açıqladığı terrorizmə qarşı mübarizə üzrə illik hesabatında deyilir ki, Azərbaycan terrorizmlə mübarizə sahəsində Birləşmiş Ştatlarla güclü əməkdaşlığını davam etdirir və Qafqaz vasitəsilə insan, pul və material keçirməyə çalışan terror təşkilatlarına qarşı aktiv şəkildə mübarizə aparır. Hesabata görə terrorizmə qarşı mübarizə səylərini gücləndirən Azərbaycan terror statusu ilə əlaqədar bir çox şəxsləri məsuliyyətə cəlb edib və çoxsaylı qeyri-qanuni silah-sursat və partlayıcı maddələr ələ keçirib.

Bu il Azərbaycanda görülən işlər hesabatda aşağıdakı kimi sıralanıb:

■ Sentyabrın 20-də terrorizmə qarşı mübarizə əməliyyatı İrandan Azərbaycana göndərilən odlu silahların müsadirəsi ilə nəticələnib.

■ Oktyabrın 31-i hüquq-mühafizəçiləri Bakıdakı İran səfirliyi yaxınlığında bir İran vətəndaşını həbs edib. O, diplomatik mərkəzə qarşı bir neçə hücum həyata keçirməyi planlaşdırmaqda şübhəli bilinir. 30 gün təcridxanada saxlanan həmin şəxs daha sonra sərbəst buraxılaraq İrana geri göndərilib.

■ Noyabrın 23-də Milli Təhlükəsizlik Nazirliyi bəyan edib ki, çoxsaylı insanı öldürmək məqsədi güdən və odlu silahlar, eləcə də partlayıcı maddələr əldə etməyə çalışan iki Azərbaycan vətəndaşı saxlanılıb.

■ Noyabrın 25-də və dekabrın 10-da 2012-ci ildə Avroviziya mahnı müsabiqəsi zamanı terror hücumu həyata keçirməyi planlaşdırmaqda ittiham olunan 39 nəfər 9 ildən ömürlük həbsədək azadlıqdan məhrum edilib.

Terrorizmin maliyyələşdirilməsinin də yer aldığı hesabatda Azərbaycanın 2009-cu ildə qəbul etdiyi qanunvericilik aktından sonra çirkli pulların yuyulmasının və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması sahəsində peşəkarlıq səviyyəsinin artdığı bildirilir.