Aparılan hərbi islahatlar nəticəsində Rusiyada 50,000-80,000 arasında yüksək mobilliyə malik peşəkar qüvvələr qalacaq ki, bu da onu regionda ən effektiv orduya çevirəcəkAleksandr Qolts
“Krımda Nəyi Öyrəndik” başlıqlı məqalədə Washington Post köşə yazarı David İgnatius rusların ildırım sürətli hərbi əməliyyatında təkcə Ukraynanın ərazi bütövlüyünü deyil, Qərbin Rusiya ordusu haqda təsəvvürünü tar-mar etdiyinə diqqət çəkir. “Krım əməliyyatının operativliyi Rusiya hərbi qüvvələrində ciddi təkmilləşmənin getdiyindən xəbər verir. Onların qoşunları 2008-ci ildə Gürcüstana hərbi müdaxilə zamanı xeyli az dəqiqliklə hərəkət edirdilər. 2002-ci ildə Moskvadakı teatrda girovları azad etmək əməliyyatı 130 girovun ölümü ilə nəticələndi,” deyə müəllif rusların son hərbi əməliyyatda indiyədək az qala xarakteristik hesab edilən bir çox çatışmazlıqların aradan qaldırıldığını müşahidə edir. NATO komandiri General Philip Breedlove deyir ki, Rusiya-Ukrayna sərhədində cəmləşmiş 40 min nəfərlik kontingent 3-5 gün içərisində şərqi Ukraynanaı ələ keçirə bilər. Halbuki Rusiya hərbi doktrinası bu tapşırığı yerinə yetirmək üçün 100,000 əsgəri qüvvədən istifadəni nəzərdə tutur.
“2008-ci ildə son hərbi ekspedisiyadan bəri Rusiya silahlı qüvvələrinin maliyyə imkanları xeyli artırılıb və strukturda fundamental islahatlar həyata keçirilib. Bu islahatlar nəticəsində rus ordusunda nəhəng ixtisarlar aparılıb, yenidənqurma gedib və ordu peşəkarlardan ibarət döyüş maşınına çevrilib. Hərçənd ki, Sovet erasına məxsus mükəlləfiyyət hələ də kağız üzərində qalır, Kremlin apardığı islahatlar ordunun 80 faizini effektiv olaraq ləğv edib və yerdə qalanların maaşı ikiqat artırılıb.” Müstəqil hərbi ekspert Aleksandr Goltsun sözlərinə görə, “günün sonunda Rusiyada 50,000-80,000 arasında yüksək mobilliyə malik peşəkar qüvvələr qalacaq ki, bu da onu regionda ən effektiv orduya çevirəcək.” Güman ki, belə bir qüvvə NATO-ya ciddi təhlükə törətməyəcək, amma sabiq Sovet məkanında ən yüksək döyüş qabiliyyətlli hərb maşını olacaq.
Hərbi tarixçilər arasında belə bir deyim var ki, millətlər adətən sonuncu müharibədən səhv dərsləri öyrənirlər. İfadənin mənası budur ki, insanların müharibə haqda təsəvvürləri keçmiş təcrübəyə əsaslanır və çoxları güman edir ki, növbəti müharibə də elə əvvəlki kimi olacaq. Bu cür hesablama bir çox dövlətlərin, imperiyaların süqutlarına gətirib çıxarıb. Zaman sabitliyi sevmir. Dəyişiklik yaşamaq və genişlənmək əzmində olan cəmiyyətlərin başlıca xüsusiyyətlərindəndir. Çarlz Darvinin təkamül nəzəriyyəsi məhz bu uyğunlaşma anlamı üzərində qurulub. Təkamülün və hətta sağ qalmağın ən optimal yolu baş verən dəyişikliklərlə ayaqlaşmaqdır. Qlobal sülh naminə ümid etmək olar ki, Rusiya kimi onun ətrafındakı qonşu millətlər də bu düşüncəni paylaşır və dövlətlərinin mövcudluğunu təmin etmək üçün öz ordularını zəmanənin şərtlərinə uyğunlaşdırırlar.