Azərbaycanda saxlanılan Ermənistan vətəndaşı geri qaytarılıb

Beynəlxalq Qırmızı Xaç Komitəsi

Ermənistan vətəndaşı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi ilə öz ölkəsinə qaytarılıb
Aprelin 10-da Azərbaycanda saxlanılan erməni vətəndaşı Xocayan Arsen Ananyayeviç Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi ilə öz ölkəsinə qaytarılıb.

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyi bildirib.

Məlumata görə bu şəxs Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Ermənistan rəsmilərinə təhvil verilib.

BQXK, neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq, Azərbaycanın və Ermənistanın hakimiyyət orqanları ilə birgə bu repatriasiyanın keçirilməsinə yardımçı oldu. İnternə olunmuş şəxs, BQXK nümayəndələrinə geri qayıtmaq arzusunu təsdiqləyib.

Qeyd edək ki, Ermənistan vətəndaşı Xocayan Arsen Ananyayeviç 7 mart 2014-cü tarixdə Tovuz rayonu ərazisindəki dəmiryol xəttinin yaxınlığında saxlanılıb.