Tarixdə iki dəfə azərbaycanlılar öz müstəqilliklərini qanlı interetnik müharibə şəraitində qazanıblar. Konkret birinci halda müstəqilliyin itirilməsi də məhz bu mübarizə şəraitində baş verdi. Bütün ordusunu erməni qüvvələri ilə cəbhə xəttinə cəmləşdirən Azərbaycan şimaldan gələn rus hərbi birləşmələri qarşısında aciz qaldı. Cəmi bir zirehli qatarla irəliləyən işğalçı qüvvələrə müqavimət göstərilmədi. 11-ci Qırmızı Ordu bir güllə atmadan Bakını zəbt etdi və Azərbaycanın müstəqilliyinə son qoydu.
Biz dənizlərdə, okeanlarda vuruşacağıq, biz artan özünə-etimad hissi və artan güclə havada vuruşacağıq, biz, nəyin bahasına olursa olsun, adamızı qoruyacağıq. Biz sahillərdə vuruşacağıq, biz düşmənin gəliş nöqtələrində vuruşacağıq, biz çollərdə, küçələrdə vuruşacağıq. Biz təpələrdə vuruşacağıq; biz təslim olmayacağıq.Vinston Çörçill
Rusiyanın 2008-ci ildə Gürcüstan torpaqlarını zəbt etməsi və bu günlərdə Ukraynada həyata keçirdiyi hərbi müdaxilə tarixin unudulmuş dərslərini yenidən önə çəkir. Ən azı göstərməklə ki, dünən də, bu gün də və sabah da Gürcüstan, Ukrayna və Azərbaycan kimi dövlətlərinin varlıqlarına əsas təhlükə kiçik qonşuların ərazi iddiaları yox, bu millətləri yüz illərlə əsarət altında saxlamış və imperialist ambisiyalarından əl çəkməmiş Rusiyadan qaynaqlanır. Əlbəttə ki, burada “parçala və hökm sür” siyasətinin fəsadları geniş rol oynayır. Tamamilə mümkündür ki, Cənubi Qafqazı bürümüş interetnik münaqişələr elə Rusiyanın bu regionu nəzarətdə saxlamaq mexanizminin tərkib hissələridir. Amma günün sonunda şimaldan qaynaqlanan ekzistensial təhlükəyə paralel təhlükə yoxdur.
Dövlətlər öz rəqiblərini seçmək imtiyazından məhrumdurlar. Düşmən bəzən güclü, bəzən zəif olur. Amma müstəqilliyini qorumaq əzmində olan millət hərbi qüdrətini mövcud olan real təhlükələrə uyğunlaşdırır. 1940-cı ildə Hitler Almaniyasından hər an hücum gözləyən Britaniya lideri Vinston Çörçill məşhur tarixi bəyanatı ilə yadda qalıb: “Biz dənizlərdə, okeanlarda vuruşacağıq, biz artan özünə-etimad hissi və artan güclə havada vuruşacağıq,biz, nəyin bahasına olursa olsun, adamızı qoruyacağıq. Biz sahillərdə vuruşacağıq, biz düşmənin gəliş nöqtələrində vuruşacağıq, biz çollərdə, küçələrdə vuruşacağıq. Biz təpələrdə vuruşacağıq; biz təslim olmayacağıq.” Ola bilsin Hitleri nəhayət fikrindən daşındıran və səmtini Sovet İttifaqına yönəldən Çörçillin bu qətiyyəti oldu. Zəiflik aqressiyanı şirnikləndirir. Çəkindirici amilin potensial təcavüzün qarşısını almaqda rolu əvəzsizdir. Fakt budur ki, mövcudluğunu, azadlığını qorumağa qalxmış milləti əsarət altına almaq istənilən qüdrət üçün ən azı çətin və ağrılı olur. Təhlükəni göz altına almamaq və onun qarşıya qoyduğu ağır məsuliyyətdən boyun qaçırmaq isə Rusiya kimi dövlətlərlə “əbədi dostluğa” yol açır.