Facebook fəallarının azadlığa buraxılması tələb edilib

Bloger Əbdül Əbilovun hüquqlarının müdafiəsi məqsədi ilə mətbuat konfransı keçirilib

Fəallara qarşı narkotik ittihamı irəli sürülür
“Həbsdə olan Facebook fəalları azadlıq buraxılmalıdır. Sanki Facebook-da narkotik istehsal edirlər. Kim aktiv Facebook istifadəçisidri narkotik alverçisi elan edilir”.

Martın 6-da bloger Əbdül Əbilovun hüquqlarının müdafiəsi məqsədi ilə keçirilən mətbuat konfransında əsas çağırış belə olub.

“Hazırda 5 bloger həbsdədir. Onların 4-ü (Əbdül Əbilov, Rəşad Ramazanov, Elvin Kərimov, Ömər Məmmədov) Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədilməklə, 5 ildən 12 ilədək həbs nəzərdə tutulur) ittiham edilir. Sanki Facebook-da narkotik istehsal edilir”, deyə hüquq müdafiəçisi Rəsul Cəfərov qeyd edib.

“Facebook” fəalı Əbdül Əbilov 2013-cü il noyabrın 25-də həbs edilib. Nərimanov Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Əbilov Facebook-da“Yaltaqlara dur deyək!” səhifəsi yaradıb və o saxlanandan sonra səhifə bağlanıb. Onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.

Əbdül Əbilovun anası Nurcahan Əbilova oğlunun günahsız olduğunu bildirib. Onun dediyinə görə, oğlu narkotikin necə olduğunu belə bilmir. “Oğlum nəinki narkotik, siqaretin tüstüsündən belə qaçır. Onu atası böyütmüşəm. Polislər narkotiki ciblərindən çıxardılar. Mən daha heç nəyə inanmıram. Quranı onların başına vurdum. Dedim ki, quran qənim olsun, başqa sözüm yoxdur”, o qeyd edib.

Nurcahan Əbilova oğlunun haqsızlığa dözmədiyini, rastlaşdığı haqsızlıqlarla bağlı yazdığını deyib. “Əbdül “Haqsızlığa dur deyib”, yəni haqsızlığa, ədalətsizliyə durma da demək olar. Burada qeyri-adi heç nə yoxdur. Mən polislərdən soruşdum ki, oğlumu narkotik saxladığına görə tutursunuzsa, kompüterini niyə götürürsünüz. Kompüterdə narkotik bitir?” o sual edib.

Çıxışlarda narkotik ittihamı ilə tutulan blogerlərin hamısının kompüterinin də polislər tərəfindən götürüldüyü bildirilib.

Vəkil Xalid Bağırov istintaqın düzgün aparılmadığını bildirib. Onun fikrincə, istintaq qəsdən uzadılır. “İndiyədək götürülmüş narkotikin üzərindəki əl izlərinin müəyyənləşdirilməsi üçün ekspertiza keçirilməyib. Çünki Əbdül Əbilovun narkotiklə hər hansı əlaqəsi yoxdur və orada onun əl izləri yoxdur”, o qeyd edib.

Mətbuat konfransında polisin Facebook istifadəçilərinə qarşı işlərə cəlb edilməsi tənqid edilib. Hüquq-müdafiə orqanlarını və məhkəmələri ədalətli olmağa çağırıblar.