Yunus Şamili: İran-Qərb yaxınlaşması ölkədə insan haqları durumunu yaxşılaşdırmayacaq [Audio]

Yunus Şamili

Yunus Şamili hesab edir ki, İran-Qərb münasibətlərində istiləşmə İslam Respublikasında insan haqları durumunun yaxşılaşacağına təminat vermir. Güneyli jurnalist Amerikanın Səsinə müsahibədə Cenevrədə İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı əldə edilmiş razılaşmadan sonra muxtəlif siyasi və insan haqları qrupları arasında ortaya çıxmış fikir ayrılıqlarını dəyərləndirib.

Your browser doesn’t support HTML5

Yunus Şamili İranda insan haqlarının durumunu şərh edir


İranın bir çox siyasi cərəyanları, xüsusilə mötədil siyasətçi kimi tanınan Həsən Ruhanini dəstəkləyən islahatçılar iddia edirlər ki, İranla Qərb arasında siyasi münasibətlərin yaxşılaşması ölkədə insan haqları durumuna da müsbət təsir göstərəcək. Ancaq bir çox hüquq müdafiəçiləri bunu əksinin baş verəcəyindən qorxurlar.

Yunus Şamili isə bu xüsusda islahatçı qruplar tərəfindən irəli sürülən arqumentin düzgün olmadığını söyləyir.

Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Katerin Aşton nüvə danışıqlarının yekununda İran xarici işlər naziri Cavad Zəriflə mətbuat konfransına gəlir. Cenevrə, 10 dekabr, 2013.

“Bu qruplara görə, İran-Qərb əlaqələri düzəlsə insan haqları vəziyyəti də onunla birlikdə düzələr. Buna görə də, İnsan haqları pozuntuları ilə bağlı İran İslam Respublikasına təzyiq tətbiq edilməsinə qarşı çıxırlar. Bu doğru arqument deyil. Misal üçün, Səudiyyə Ərəbistanı və Amerika arasındakı münasibətlər çox yaxşıdır, ancaq bu, Ərəbistanda insan haqları durumunun yaxşılaşmasına səbəb olmur,” deyə o, qeyd edir.

Jurnalistin sözlərinə görə, güneyli fəallar indiki durumda daha artıq insan haqları söyləmi üzərində çalışmalıdırlar. Lakin, onun fikrincə, Güney Azərbaycan Milli Hərəkatı və türk fəalları insan haqları sahəsində lazımi qədər fəal deyil.

Səudiyyə Ərəbistanı və Amerika arasındakı münasibətlər çox yaxşıdır, ancaq bu, Ərəbistanda insan haqları durumunun yaxşılaşmasına səbəb olmur.
“Bu gün İran içində iki önəmli siyasi hərəkat vardır. Biri mərkəzdəki muxalif cərəyanlar, o cümlədən Yaşıl hərəkatı, digəri isə birincidən də daha önəmli olan qeyri-fars xalqların siyasi hərəkətləridir. İnsan haqları söyləmindən ən çox qeyri-fars xalqlar yararlanırlar,” deyə cənab Şamili əlavə edib.

Yunus Şamili həmçinin Cenevrədə İran və “altılıq” ölkələri arasında aparılmış Tehranın nüvə proqramı ilə bağlı danışıqlar nəticəsində əldə edilmiş razılaşmanın əsaslı dəyişikliyə dəlalət etmədiyini irəli sürür. Onun sözlərinə görə, İran yalnız məruz qaldığı beynəlxalq təzyiqlər üzündən bu anlaşmanı qəbul edib.