ABŞ QİÇS üzrə tibbi araşdırmalara 100 milyon dollar ayıracaq

ABŞ prezidenti Barak Obama HİV virusunun müalicəsi üçün araşdırmaları artıracaq yeni təşəbbüsə imza atıb.

Prezident Obama deyir ki, onun administrasiyası HİV və QİÇS-cə qarşı yeni müalicə növləri inkişaf etdirmək üçün Milli Səhiyyə İnstitutlarına (NIH) 100 milyon dollar ayıracaq.

Ağ Ev QİÇS Gününü qeyd edir

Cənab Obama bu bəyanatı bazar günü qeyd olunan QİÇS Günü münasibətilə verib.

“ABŞ HİV-in birdəfəlik müalicəsi üçün aparılan səylərin önündə getməlidir,” deyə prezident Obama bildirib.

ABŞ lideri habelə bir neçə siyasi təşəbbüslərin uğurlu olduğunu bəyan edib. O, ötən həftə QİÇS dərmanları almaq üçün növbə siyahısının nəhayət ləğv olunduğunu söyləyib. Prezident Obama həmçinin dünya boyu 6 milyon adamın anti-retroviral dərmanlarla təchiz olunması məqsədinə nail olunduğunu bildirib.